ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff qabaqcıl süni intellekt modellərinin imkanlarını nüvə silahları ilə müqayisə edib. O bildirib ki, bu texnologiyalar “rəqəmsal nüvə silahları” kimi qiymətləndirilə bilər.
Çağdaş.Az xəbər verir ki, Retkliff Vaşinqtonda keçirilən AWS sammitində çıxışı zamanı deyib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının milli təhlükəsizlik və iqtisadi təhlükəsizlik üzrə müşavirləri ilə aparılan müzakirələrdə qabaqcıl süni intellekt modellərinin təsiri əsas mövzulardan biridir.
“Bu qabaqcıl süni intellekt modellərinin imkanlarını rəqəmsal nüvə silahlarına bənzətmək heç də yanlış olmaz”, – deyə CIA rəhbəri vurğulayıb.
İyunun 12-də ABŞ administrasiyası Anthropic şirkətinin ən güclü iki modeli – Mythos 5 və Fable 5 üçün ixrac məhdudiyyətləri tətbiq edərək onlara çıxışı dayandırmışdı. Daha sonra Mythos 5 modelinə yalnız məhdud sayda ABŞ tərəfdaşı üçün yenidən icazə verilib, Fable 5 isə hələ də əlçatan deyil.
Bununla yanaşı, OpenAI yeni GPT-5.6 modelini məhdud girişlə istifadəyə verib. Şirkət ilk dəfə olaraq modeldən istifadə edəcək tərəfdaşların ABŞ hökuməti tərəfindən ayrıca yoxlanılmasına razılıq verib.
Tənqidçilər hökumətin bu qərarlarını faktiki olaraq süni intellekt texnologiyalarının lisenziyalaşdırılması kimi qiymətləndirirlər.
Retkliff bildirib ki, vəzifəyə başladığı son 18 ay ərzində yeni texnologiyaların izlənilməsi onun əsas prioritetlərindən biri olub və bu məsələni hətta Çinlə bağlı təhlükəsizlik məsələləri ilə eyni səviyyədə qiymətləndirir.
O, həmçinin ABŞ-ın rəqiblərini Amerikanın texnoloji nailiyyətlərini oğurlamağa və öz maraqları üçün istifadə etməyə çalışmaqda ittiham edib.
CIA rəhbəri çıxışında agentliyin kibertəhlükəsizlik sahəsində yenidən təşkil olunduğunu, kritik infrastrukturun qorunması üçün həm müdafiə, həm də hücum imkanlarının gücləndirildiyini bildirib. Onun sözlərinə görə, bu istiqamətdə Elon Mask, eləcə də Amazon, Google və Dell şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib.
Sammit çərçivəsində isə AWS (Amazon Web Services) ABŞ kəşfiyyat qurumları üçün 1 milyard dollarlıq kredit proqramı və müdafiə podratçıları üçün məxfi bulud xidməti yaradacağını açıqlayıb.
















