Dünyanın diqqəti Ankarada keçirilən NATO Liderlər Zirvəsinə yönəldiyi bir vaxtda müdafiə sənayesi ilə bağlı mühüm addım gündəmə gəlib. ABŞ və Almaniya başda olmaqla bir sıra Avropa ölkələrinin raket istehsalı sahəsində genişmiqyaslı əməkdaşlıq barədə niyyət bəyanı imzalaması gözlənilir.
Çağdaş.Az xəbər verir ki, NATO Müdafiə Sənayesi Forumu çərçivəsində müzakirə edilən plana əsasən, ABŞ istehsalı olan AIM-120 AMRAAM raketlərinin Avropada birgə istehsalı və PAC-3 Patriot hava hücumundan müdafiə sistemləri üçün texniki xidmət mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu əməkdaşlıqla Avropanın müdafiə istehsalı imkanlarının artırılması, eyni zamanda ABŞ-dakı istehsal müəssisələrinin üzərindəki yükün azaldılması hədəflənir.
Rusiya-Ukrayna müharibəsi fonunda hava hücumundan müdafiə sistemlərinə və raketlərə tələbat əhəmiyyətli dərəcədə artıb. AIM-120C-8 raketləri həm NASAMS hava müdafiə sistemlərində, həm də F-16 döyüş təyyarələrində istifadə olunur.
PAC-3 Patriot raketlərinə ehtiyac da xüsusilə Ukraynanın Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumlarına qarşı müdafiəsində bu sistemlərdən geniş istifadə etməsi ilə artıb.
Müdafiə sənayesində nəzərdə tutulan əməkdaşlıqla bağlı niyyət bəyanının NATO Ankara Zirvəsi çərçivəsində keçiriləcək forumda imzalanacağı gözlənilir.
Ekspertlər hesab edir ki, bu addım Avropa ölkələrinin müdafiə sənayesində daha fəal rol almasına və NATO daxilində istehsal imkanlarının genişlənməsinə səbəb ola bilər.
ABŞ Prezidenti Donald Tramp uzun müddətdir Avropa ölkələrinin müdafiə sahəsində Vaşinqtondan asılılığının azaldılmasını və daha çox maliyyə ayırmasını tələb edir.
Vaşinqton administrasiyası həmçinin sursat istehsalındakı problemlərin aradan qaldırılması və ehtiyatların yenilənməsi üçün Avropa ilə birgə istehsal modelini dəstəkləyir.
Yeni planın həyata keçirilməsi NATO-nun hərbi imkanlarının gücləndirilməsi, müdafiə sənayesində istehsal gücünün artırılması və gələcək təhlükələrə qarşı hazırlığın yüksəldilməsi məqsədi daşıyır./Referans Media/
















