Ankarada NATO Liderlər Zirvəsinin başlamasına saatlar qalmış Yaxın Şərqdə gərginliyi artıran yeni iddia ortaya atılıb. ABŞ-ın Axios nəşri İran ordusunun Hörmüz boğazından keçən iki ticarət gəmisinə raket zərbələri endirdiyini yazıb.
Çağdaş.Az xəbər verir ki, adı açıqlanmayan iki amerikalı rəsmi bildirib ki, hücum nəticəsində hər iki gəmi ciddi ziyan görsə də, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Nəşr həmçinin ABŞ-ın hadisəyə cavab olaraq İrandakı hərbi hədəflərə qarşı cavab zərbələri endirə biləcəyini iddia edib. Bununla belə, İran rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Hadisədən əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) Oman sahilləri yaxınlığında üzən tankerin naməlum obyektin hücumuna məruz qaldığını açıqlamışdı.
Agentliyin məlumatına görə, cənub istiqamətində hərəkət edən tanker sol tərəfindən naməlum cisimlə vurulub. Zərbədən sonra gəmidə yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəymədiyi bildirilib.
UKMTO insidentlə bağlı araşdırmalara başladığını açıqlayıb və Hörmüz boğazından keçən bütün gəmilərə maksimum ehtiyatlı olmaları, şübhəli fəaliyyətləri dərhal aidiyyəti qurumlara bildirmələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, İranın iki ticarət gəmisinə raket hücumu etdiyi barədə Axios nəşrinin yaydığı məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Bununla belə, Hörmüz boğazında baş verən son hadisələr NATO Zirvəsi öncəsi beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərqdəki vəziyyətə yönəldib.
















