İsrailin nüfuzlu nəşrlərindən olan “Ynet”in Azərbaycanla bağlı son məqaləsi diqqət çəkib. Məqalədə “iki ölkə arasındakı əlaqələrdən xəbərdar olan rəsmilərə” istinadla İsrail hökumətinin “erməni soyqırımı”nı tanımaq qərarının Bakı-Təl-Əviv münasibətlərində ictimaiyyətə göründüyündən daha dərin bir böhrana səbəb olduğu vurğulanıb.
Nəşr, İsrailin həssaslıq göstərmədiyini, Bakının “erməni soyqırımı” ilə bağlı təşəbbüsü “qırmızı xətti keçmə” kimi dəyərləndirdiyini yazıb. Rəsmilərin sözlərinə görə, Azərbaycan rəhbərliyi qərarın verilməsi tərzindən və göndərilən mesajdan dərin məyusluq duyur. Məqaləd qeyd olunur ki, İsrailin xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı ilə yalnız qərar artıq dərc edildikdən sonra, onunla məsləhətləşmək əvəzinə, onu xəbərdar etmək üçün danışıb.
Çağdaş.Az xəbər verir ki ,Globalinfo.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, “İsrail qırmızı xətti keçdi” ifadəsi adi ifadə deyil və ümumiyyətlə, bu kimi ifadələrdən diqqətli istifadə etmək lazımdır:
“Azərbaycan həm XİN, həm də ölkəmizdə yaşayan yəhudi icmaları tərəfindən İsrail hökumətinə müraciət ünvanlayıb. Təbii ki, İsrail “erməni soyqırımı”nı tanımağa tələsməyə bilərdi. Yəni Bakının reaksiyası sürpriz deyil.
İsrail bu dəfə belə addımı atdı və yəqin ki, Azərbaycanın reaksiyasını da bilirdi. O ki qaldı bu addımın iki ölkə münasibətlərinə təsirinə, hesab edirəm ki, bu haqda düşünmək üçün hələ çox tezdir. Biz təəssüflə görürük ki, Türkiyə ilə İsrail arasında əlaqələr pozulur. Son günlər İsrail XİN tərəfindən yeni ittihamlar da səslənib.
Belə bir vəziyyət Bakının maraqlarına uyğun deyil. Amma Təl-Əviv bu yolu seçib və geri addım atmır. Təbii olaraq, bu addım ictimaiyyətdə mənfi qarşılanır”.















