Qeyri-tibb müəssisələrində, o cümlədən gözəllik və kosmetoloji salonlarda qanunsuz tibbi fəaliyyətlə bağlı yoxlamaların aparılması qaydası açıqlanıb.
Cagdas.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) Hüquq şöbəsinin müdiri Tamam Həsənova bildirib ki, qanunvericiliyə görə, AEM yalnız lisenziyası olan özəl tibb müəssisələrində planlı yoxlamalar keçirir.
Şöbə müdiri qeyd edib ki, gözəllik salonlarında plandankənar yoxlamanın keçirilməsi üçün ciddi şərtlər var:
“Əgər hər hansı gözəllik salonunda qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, yoxlama yalnız fiziki və ya hüquqi şəxslərin təsdiqedici sənədlərlə birgə şikayəti, mediada yayılmış məlumatlar və ya dövlət orqanlarının araşdırmaları əsasında aparıla bilər. Vətəndaşlar düşünürlər ki, şikayət gələn kimi dərhal yoxlamaya gedə bilərik, amma qanun buna imkan vermir. Plandankənar yoxlama üçün əvvəlcə Ədliyyə Nazirliyinin reyestrinə müraciət edilir və rəsmi çıxarış alındıqdan sonra yoxlama keçirilə bilər”.
T.Həsənova əlavə edib ki, əgər müəssisə lisenziyasız tibbi fəaliyyətlə məşğul olarsa, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək cərimə edilə bilər.
Xatırladaq ki, tibbi xidmətdən narazı qalan və kompensasiya tələb edən vətəndaşlar isə mütləq qaydada məhkəməyə müraciət etməlidirlər, çünki dəymiş ziyanın ekspertizası və kompensasiya məbləğinin müəyyənləşdirilməsi məhkəmənin səlahiyyətindədir.(sfera.az)
















