“Fənərbaxça” hücum xəttini daha da gücləndirmək üçün nəhəng addım atıb. “Sarı-lacivərdlilər”in Almaniyanın “Borussiya Dortmund” klubunda çıxış edən ulduz hücumçu Seru Girassinin transferi üçün razılığa gəldiyi iddia olunur.
Çağdaş.Az Referans Media-ya istinadən xəbər verir ki, klubun yüksək maliyyə tələblərinə görə bir müddət dayandırdığı danışıqları yenidən başladığı və bu dəfə razılıq əldə etdiyi bildirilir. Tərəflərin 30 yaşlı forvardın transferi üçün 25 milyon avro məbləğində anlaşdığı qeyd olunur.
Fənərbaxça rəhbərliyi təxminən bir ay əvvəl Girassi üçün Almaniya təmsilçisi ilə danışıqlara başlamışdı. Lakin Dortmund klubunun əvvəlcə 35 milyon avro tələb etməsi səbəbindən transfer danışıqları dayanmışdı.
Çempionlar Liqasının təsnifat mərhələsinin başlaması ilə yenidən danışıqlar masasına qayıdan İstanbul klubu uzun müzakirələrdən sonra Almaniya klubunu razı salıb. Razılaşmaya əsasən, 25 milyon avroluq transfer haqqının hissə-hissə ödəniləcəyi gözlənilir.
Transferin rəsmiləşməsi halında Girassinin Fənərbaxçada bonuslarla birlikdə illik 10 milyon avro qazanacağı bildirilir. Hücumçu ilə 4 illik müqavilə imzalanacağı gözlənilir.
Karyerasında Laval, Lille, Auxerre, Amiens, Köln, Renn, Ştutqart və Borussiya Dortmund kimi klubların formasını geyinən Girassi məhsuldarlığı ilə seçilir.
30 yaşlı hücumçu peşəkar karyerasında keçirdiyi 406 rəsmi oyunda 187 qol vurub, 31 məhsuldar ötürmə edib. Bazar dəyəri təxminən 32 milyon avro olan futbolçunun transferinin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.
Fənərbaxçanın Mason Qrinvud transferindən sonra Girassi ilə də hücum xəttini gücləndirməsi klubun böyük hədəflərinin göstəricisi kimi qiymətləndirilir.
















