ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı futbol tarixinə yalnız yeni formatı ilə deyil, həm də dramatik süjetləri, qalmaqalları və unudulmaz anları ilə yazıldı.
Cagdas.az xəbər veriri ki nəhəng mundialın ən çox danışılan və yadda qalan əsas məqamlarını təqdim edir:
İllər sonra Lamin Yamal və Messi qarşı-qarşıya
2006-cı ildə Lionel Messinin xeyriyyəçilik təqvimi üçün cəmi bir neçə aylıq olan körpə Lamin Yamalı çimdirdiyi fotoşəkil turnir boyunca sosial medianın ən çox müzakirə edilən mövzusu oldu. İllər sonra Dünya Çempionatının finalında futbolun yeni ulduzuna çevrilmiş Yamal ilə canlı əfsanə Messinin rəqib kimi üz-üzə gəlməsi böyük maraq doğurdu. Finalda hər iki futbolçunun qol vura bilməməsinə baxmayaraq, gənc ulduzun millisi sevinən tərəf oldu. İspaniya Argentina üzərində qələbə qazanaraq ikinci dəfə dünya çempionu oldu.

Bir dövrün sonu: Ronaldonun “son rəqsi”
Kriştianu Ronaldo üçün bu turnir karyerasının sonuncu Dünya Çempionatı kimi tarixə düşdü. 41 yaşlı hücumçunun mundial seriyası 1/8 finalda İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatdı. O, dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldı. Ronaldo 6 müxtəlif Dünya Çempionatında meydana çıxan ilk futbolçu kimi adını tarixdə əbədiləşdirdi.

Turnirin parlaq simaları
Mundial həmişə olduğu kimi, yenə ulduzlar paradı ilə yadda qaldı. Lionel Messi, Kriştianu Ronaldo, Kilian Mbappe, Usman Dembele, Harri Keyn, Cud Bellinqem, Vinisius Junior, Erlinq Holann və Məhəmməd Salah kimi adlar çempionatın əsas simaları oldu. Xüsusilə çempion İspaniya millisinin gənc istedadları Lamin Yamal və Pedri nümayiş etdirdikləri oyunla futbolsevərlərə xüsusi zövq yaşatdılar.

106-cı dəqiqədə gələn sevinc
Dünya çempionatları tarixində ilk dəfə olaraq final matçının əsas vaxtında hesabı açmaq mümkün olmadı. Tərəflər qapılara yol tapa bilmədiyindən, qarşılaşmanın ilk qolu yalnız əlavə vaxtda – 106-cı dəqiqədə vuruldu.

Su fasilələri və UEFA-nın etirazı
İqlim şəraiti və kəskin bürkü nəzərə alınaraq, futbolçuların sağlamlığının qorunması məqsədilə hər hissənin ortasında rəsmi su fasilələri verildi. FİFA prezidenti Canni İnfantino bu təcrübənin gələcək turnirlərdə də tətbiq olunacağını bildirsə də, qayda ciddi mübahisələrə yol açdı. Tənqidçilər bunu “reklam fasiləsi” adlandırdılar. UEFA isə bu addımı dəstəkləmədiyini, Çempionlar Liqası və AVRO-2028-də ənənəvi, kəsilməz oyun formatının saxlanılacağını açıqladı.

Tarixin ən böyük turniri və azarkeş rekordu
DÇ-2026 ilk dəfə 32 deyil, 48 milli komandanın iştirakı ilə keçirildi. Matçların sayının 64-dən 104-ə yüksəlməsi turniri futbol tarixinin ən böyük çempionatına çevirdi. Mundialı stadionlardan ümumilikdə 6 810 966 azarkeş izlədi ki, bununla da 1994-cü ildən bəri yenilənməyən rekord geridə qaldı.

Şotland azarkeşlərin Bostondakı “fəthi”
Turnirin ən viral məqamlarından biri şotland azarkeşlərin (Tartan Army) Boston küçələrindəki rəngarəng şouları oldu. Abidələrin başına yol konusları qoyan, barların içki ehtiyatını bitirən və yumor hissləri ilə yerli əhalinin sevgisini qazanan azarkeşlər hətta tarixi bir qadağaya da son qoydular. Şotland mətbəxinin rəmzi sayılan və 1970-ci illərdən bəri ABŞ-də qadağan edilən “Haggis” yeməyi məhz bu azarkeş axınından sonra Massaçusets ştatında rəsmən leqallaşdırıldı.

Viza skandalı: Somalili hakim ölkəyə buraxılmadı
Çempionatın ən böyük diplomatik qalmaqallarından biri somalili hakim Ömər Artan ilə yaşandı. Ölkəsindən Dünya Çempionatına dəvət edilən ilk hakim olan 34 yaşlı referi diplomatik pasportu və vızası olmasına baxmayaraq, Mayami hava limanında 11 saatlıq sorğu-sualdan sonra ABŞ-yə buraxmayıb geri qaytardılar. Bununla belə, FİFA məsələyə müdaxilə edə bilməyəcəyini, viza qərarının ev sahibi ölkənin səlahiyyətində olduğunu bildirdi.

Şimali Afrika möcüzəsi
Tarixində ilk dəfə mundila qatılan Kabo-Verde (Yaşıl Burun Adaları) turnirin ən sevilən komandasına çevrildi. Turnirin ən kiçik ölkələrindən olan Kabo-Verde qrupda İspaniya (0:0) və Uruqvayla (2:2) heç-heçə edərək 1/16 finala yüksəldi. Komandanın 40 yaşlı qapıçısı Vozinyanın İspaniya matçındakı möhtəşəm oyunu sosial medianı alt-üst etdi. Futbolçunun “Instagram” izləyicisi 50 mindən 27 milyona qalxdı, ölkəyə olan turistik maraq isə 5000% artdı.

Trampın müdaxiləsi ilə ləğv edilən qırmızı vərəqə
ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun Bosniya müdafiəçisinin ayağını tapdaladığı üçün aldığı qırmızı vərəqənin Donald Trampın Canni İnfantinoya zəngindən sonra ləğv edilməsi turnirin ən böyük idman skandalı kimi yadda qaldı. Tramp özünün “Truth Social” hesabında FİFA-ya ədalətli qərar üçün təşəkkür etdiyini yazmağı isə iddiaları daha da gücləndirdi.

Argentina ətrafında irqçilik və siyasi qalmaqal
Çempion titulu ilə turnirə gələn Argentina millisi bu dəfə qalmaqallarla gündəmə gəldi. Mayamidə keçirilən matçda bəzi argentinalı azarkeşlərin məşhur qaradərili bloqer “IShowSpeed”ə qarşı irqçi təhqirlər səsləndirməsi FİFA-nın intizam araşdırmasına səbəb oldu.
Həmçinin, ingilisləri 2:1 hesabı ilə üstələyən Argentina futbolçularının oyundan sonra “Falklend adaları Argentinanındır” yazılı pankart açması siyasi şüar yasağını pozduğu üçün komandanın cəzalandırılmasına gətirib çıxardı.(modern.az)

















