Bakıda avtomobil seli – paytaxtda yollar artan nəqliyyat yükünə tab gətirəcəkmi?
2026-cı ildən qanunvericilikdə bəzi dəyişikliklərin qüvvəyə minməsi, eləcə də taksi fəaliyyəti ilə bağlı qaydaların dəyişməsi ehtimalı avtomobil bazarında canlanmaya səbəb olub. 2025-ci ildə məhz bunun təsiri ilə böyük idxal göstəriciləri qeydə alınıb. Təsadüfi deyil ki, avtomobillərin sayında 100 mindən çox artım olub. Ümumi say 1 milyon 934 min 598-ə çatıb.
Cagdas.az bildiriri ki Bizimyol.info xəbər verir ki, son 5 il ərzində ölkənin avtomobil parkı 31 faizdən çox böyüyüb. Bu müddət ərzində Azərbaycana 461 mindən artıq avtomobil gətirilib. Minik avtomobillərinin sayı 1 milyon 577 min 157-yə çatıb. Ötən il ölkəyə gətirilən 100 min 724 nəqliyyat vasitəsinin 82 faizi minik avtomobilləri olub.
Motosikletlərin sayının artmasını müşahidələr də göstərir. Xüsusilə Bakıda və Abşeron yarımadasında bu çevik nəqliyyat vasitəsinə daha çox rast gəlinir. Hazırda ölkədə 13 min 258 motosiklet var. Təsəvvür edin ki, onların 22,5 faizi ötən il gətirilib.
Azərbaycanda avtomobillərin sayı sürətlə artır. Hərçənd builki göstəricilər yüksək deyil. İllik hesabata hələ çox var. Aylıq hesabatlar isə göstəricilərin aşağı düşdüyünü göstərir. Buna baxmayaraq, ümumi say kifayət qədər böyük görünür. Halbuki başqa ölkələrlə müqayisədə Azərbaycanda avtomobillərin sayının çox olduğunu demək olmaz.
Azərbaycanda hər 1000 nəfərə 188 avtomobil düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 112-ci pillədədir. Hətta Liberiya və Botsvana kimi Afrika ölkələrində bu göstərici daha yüksəkdir. Postsovet ölkələrindən Latviyada hər 1000 nəfərə 424, Gürcüstanda isə 414 avtomobil düşür. Estoniyada bu rəqəm 635, Litvada 598-dir. San-Marino ilə isə ümumiyyətlə müqayisə aparmaq mümkün deyil: burada hər 1000 nəfərə 1606 avtomobil düşür.
Cəmiyyətdə avtomobillərin sayının çoxluğu ilə bağlı fikir bir qədər yanlışdır. Azərbaycanda əhalinin yarıdan çoxu Bakı və Abşeron yarımadasında yaşayır. Böyük tıxaclar avtomobil sayının qəbul olunan həddi aşması təəssüratı yaradır. Halbuki Azərbaycanda əhalinin şəxsi nəqliyyat vasitəsinə sahib olması göstəricisi kifayət qədər aşağıdır. Bəzi ekspertlər isə bu fikirlə razılaşmır və avtomobillərin çoxluğunun tıxacların artmasına səbəb olduğunu bildirirlər.
Nəzərə alsaq ki, avtomobillərin yarısı, bəlkə də daha çoxu Bakıda cəmləşib, bu gedişlə şəhəri nə gözləyir? Avtomobillərin getdikcə artması fonunda paytaxtın tıxaclardan azad olması mümkündürmü?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında iqtisadiyyat canlandıqca, qayıdan əhalinin sayı artdıqca, nəqliyyat vasitələrinin sayının da artması labüd prosesdir.

Ekspertin sözlərinə görə, Bakı və Abşeronda avtomobillərin sayının artması da təbii prosesdir. Çünki ölkə iqtisadiyyatının böyük hissəsi məhz bu ərazidə cəmləşib və əhali sıxlığı yüksəkdir:
“Azərbaycanda son beş ildə avtomobillərin sayının artması bizi təəccübləndirməməlidir. Çünki artıq işğaldan azad olunmuş ərazilərimiz də var. Hazırda həmin ərazilərdə iqtisadiyyat və kənd təsərrüfatı canlanır. İnsanlar yenidən öz vətənlərinə, doğma torpaqlarına qayıdırlar. Təbii ki, ərazidə iqtisadi hərəkətlilik varsa, əhali sayı artırsa, nəqliyyat vasitələrinə olan tələbat da yüksəlir. Düşünürəm ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasında iqtisadiyyat canlandıqca, qayıdan əhalinin sayı artdıqca nəqliyyat vasitələrinin sayı da artacaq. Yəni bu, labüd prosesdir. Bakı və Abşeronda nəqliyyat vasitələrinin sayının artmasına gəldikdə isə, bu da bizi təəccübləndirməməlidir. Çünki iqtisadiyyatın böyük bir hissəsi məhz Bakı və Abşeronda cəmləşib. Həmçinin əhali sıxlığı da burada daha yüksəkdir. Söhbət yalnız Bakı şəhərindən getmir. Bakıətrafı ərazilərdə, şəhər aqlomerasiyasına daxil olan qəsəbələrdə də xeyli insan yaşayır. Bu insanlar demək olar ki, hər gün işləmək, təhsil almaq və digər məqsədlərlə Bakı şəhərinə gəlir, daha sonra isə geri qayıdırlar.
Bu zaman təxminən 300 min avtomobil hərəkət edir. Yəni gün ərzində 300 min avtomobil Bakıya daxil olur və daha sonra şəhəri tərk edir. Bu da, təbii ki, öz-özlüyündə müəyyən sıxlıq yaradır”.
Lakin Eldəniz Cəfərov hesab edir ki, tıxacların səbəbini yalnız avtomobillərin sayının artması ilə əlaqələndirmək düzgün deyil: “Bakıda tıxacların yaranmasının çoxsaylı səbəbləri var. Bunların sırasında şəhərsalma ilə bağlı problemlər, yolların dar olması, parklanma imkanlarının yetərli səviyyədə təşkil edilməməsi də mühüm yer tutur. Vaxtilə şəhərsalma sahəsində buraxılmış nöqsanlar da yolların daralmasına gətirib çıxarıb. Parklanma, xüsusilə avtomobillərin parklanması məsələsinə də bir qədər diqqətsiz yanaşılıb. Yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma məsələsinə vaxtında lazımi diqqət yetirilməyib və binalarda yaşayan sakinlər avtomobillərini yol kənarında saxlamaq məcburiyyətində qalıblar. Həmçinin iri alış-veriş mərkəzlərinin, biznes mərkəzlərinin qarşısında və ya daxilində kifayət qədər parklanma yerləri təşkil olunmayıb. Bu gün də bunun nəticələrinin şahidi oluruq. Məsələn, Babək prospektində hərəkət etdikdə müəyyən ərazilərdə sıxlıq və tıxac yaranır. Bunun səbəblərindən biri həmin biznes mərkəzlərinin parklanma yerlərinin olmamasıdır və nəticədə avtomobillər yol kənarında saxlanılır. Bu isə hərəkətin intensivliyinə mənfi təsir göstərir.
Amma indi çox yaxşı haldır ki, Şəhərsalma və Arxitektura Komitəsi artıq qərar qəbul edib və xüsusi reqlamentlə bu məsələ tənzimlənəcək. Yəni bütün yaşayış və qeyri-yaşayış obyektləri üçün həm orada yaşayan insanların, həm çalışan şəxslərin, həm də həmin obyektlərin ziyarətçilərinin sayına mütənasib olaraq parklanma yerlərinin təşkil olunması artıq yazılı formada təsbit edilib.
Bundan sonra bütün yaşayış və qeyri-yaşayış obyektləri bu reqlamentə uyğun olaraq parklanma yerlərini təşkil etməlidirlər. Bunun özü də çox doğru addımdır və sıxlığın, tıxacların qarşısının alınmasına kömək edə bilər.
Ümumiyyətlə, avtomobillərin sayının əhali sayına nisbətdə normal olduğunu düşünürəm, hətta deyərdim ki, bu göstərici azdır. Yəni avtomobillərin sayı o qədər də çox deyil. Məsələn, əgər bizim 10 milyon nəfər əhaliyə 5 milyon avtomobil düşsəydi, mən deyərdim ki, bu, həqiqətən də böyük rəqəmdir. Amma hazırda ölkədə avtomobillərin sayı heç 2 milyona çatmayıb.
Digər tərəfdən, artıq ölkəmizdə köhnə avtomobillərin utilizasiyası proqramı da işə düşüb və kifayət qədər uğurla davam edir. Minlərlə köhnə avtomobil vətəndaşlar tərəfindən könüllü şəkildə utilizasiyaya göndərilir. Yəni bir tərəfdən də bu proses gedir. Paytaxtda parklanma siyasəti də onsuz da həm sərtləşdirilib, həm də artıq müəyyən qədər nizama salınıb. Əvvəllər parklanma sahəsində müəyyən qarışıqlıq var idi. Lakin indi bu sahə nizama salınıb və stabilləşdirilib. İnsanlar avtomobili necə, harada və hansı qaydada park etməli olduqlarını bilirlər. Bu da öz-özlüyündə sıxlığın yaranmasının qarşısını müəyyən qədər ala bilir”.
Eldəniz Cəfərov düşünür ki, Bakıda avtomobillərin sayının artmasının qarşısını inzibati üsullarla almaq nə realdır, nə də düzgün yanaşmadır: “İnsanların avtomobil almaq hüququ var. Məsələ avtomobillərin sayını qadağan etməkdə deyil, şəhərdə avtomobildən istifadə zərurətini azaltmaqdadır. Məsələn, biz görürük ki, bu gün xüsusi zərurət olmadan bir nəfər şəhər mərkəzinə avtomobillə gedir və orada sosial şəbəkəsi üçün vlog çəkir. Halbuki bunu Bakının ətraf ərazilərində də etmək olar, evində də etmək olar, avtomobili sürmədən də bunu həyata keçirmək mümkündür. Hətta avtomobili park etdikdən sonra da bunu etmək olar. Amma nədənsə bəzi insanlar xüsusi zərurət olmadan avtomobillə şəhər mərkəzinə getməyə üstünlük verirlər. Əgər həmin şəxs şəhər mərkəzinə xəstəxanaya gedirsə, orada işləyirsə, təhsil alırsa, bu, başadüşüləndir. Amma “şəhər mərkəzinə gedim, bulvara maşınla gedim” yanaşması düzgün deyil. Məsələn, bulvara gəzməyə gediriksə, ora ictimai nəqliyyatla, metroyla, avtobusla, hətta piyada da gedə bilərik. Çünki onsuz da gəzintiyə çıxmışıq. Gəzintiyə çıxırıqsa, şəhər mərkəzinə niyə avtomobillə getməliyik? Mənim yanaşmam belədir: zərurət varsa, əlbəttə, avtomobillə gedək. Amma zərurət olmadan şəhər mərkəzinə avtomobillərin axını da müəyyən problemlər yaradır”.
Taksi fəaliyyəti ilə bağlı tətbiq olunan yeni qaydalara da toxunan ekspert bildirib ki, Bakı şəhərində taksi minik avtomobillərinin sayına 25 minlik limitin tətbiqi sürücülərin sayının 25 minlə məhdudlaşdırılması demək deyil: “Taksi fəaliyyəti ilə bağlı qaydalar da dəyişib. Burada kvota tətbiq olunub və müəyyən edilib ki, Bakı şəhərində 25 mindən çox taksi minik avtomobili olmamalıdır. Hazırda isə bilirik ki, 30 mindən çox icazəli taksi fəaliyyət göstərir. Bu da normaldır.
Kvota o demək deyil ki, taksilərin sayı kəskin şəkildə 25 minə endirilməlidir. Kvota o deməkdir ki, müəyyən edilmiş sayda, yəni 25 min nəqliyyat vasitəsi olmalıdır və həmin saydan artıq yeni taksi avtomobillərinin fəaliyyətə buraxılması dayandırılmalıdır. Yəni bu proses müəyyən qaydada tənzimlənməlidir.
Mən deyərdim ki, əksinə, kvota qəbul olunduqdan sonra taksi kimi istismar olunması üçün ölkəyə idxal edilən müəyyən seqment avtomobillərin və modellərin sayında da müəyyən azalma müşahidə olunub”.
















