Son dəqiqə

Türkiyədən İsrailə sərt xəbərdarlıq: “Sərhədsiz hücumlara son verilməlidir”

Dünya

Türkiyə Milli Müdafiə Nazirliyi İsrailin Suriyanın İdlib bölgəsində yerləşən Əbu Zuhur Hava Bazasına endirdiyi hava zərbəsini tənqid edərək, bu cür hücumların bölgənin sabitliyinə zərər vurduğunu bildirib.

Çağdaş.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Zeki Aktürk açıqlamasında İsrailin Suriyaya qarşı əməliyyatlarını dayandırmasının vacibliyini vurğulayıb.

Nazirlikdən verilən açıqlamada qeyd olunub:

“İsrailin Əbu Zuhur Hava Bazasına həyata keçirdiyi hücum Suriyanın sabitliyinə, təhlükəsizliyinə, ölkənin birlik və bütövlüyünə, eyni zamanda infrastrukturuna zərər vurmağa yönəlmiş addımdır.”
Türkiyə tərəfi bildirib ki, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozan hücumlar qəbuledilməzdir.

Milli Müdafiə Nazirliyi İsrailin hücumundan əvvəl və ya hücum zamanı Əbu Zuhur Hava Bazasının ərazisində heç bir türk hərbi heyətinin olmadığını açıqlayıb.

Açıqlamada vurğulanıb ki, Türkiyə Suriyanın “vahid ordu” prinsipi çərçivəsində təhlükəsizlik və müdafiə imkanlarının formalaşdırılmasına dəstəyini davam etdirəcək.

Zeki Aktürk bildirib ki, Qəzzadakı humanitar vəziyyətin aradan qaldırılması və yenidənqurma prosesinin başlanması regionda uzunmüddətli sülh üçün vacibdir.

Türkiyə Müdafiə Nazirliyi İsrailin hərbi əməliyyatlarının bölgədə gərginliyi artırdığını qeyd edərək beynəlxalq ictimaiyyəti daha təsirli addımlar atmağa çağırıb.

Açıqlamada deyilir ki, regionun gələcəyi “birtərəfli güc istifadəsinə deyil, beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmətə əsaslanan təhlükəsizlik anlayışı üzərində qurulmalıdır”.

Nazirlik Türkiyənin son dövrdə regional təhlükəsizlik məsələlərində fəal diplomatik rol oynadığını bildirib.

Açıqlamada qeyd olunub ki, Türkiyə müdafiə naziri və Baş Qərargah rəisi səviyyəsində aparılan danışıqlar regionda sabitliyin təmin olunmasına yönəlib.

Türkiyə Müdafiə Nazirliyi Yunanıstanın Egey dənizində elan etdiyi Bərpa Olunan Enerji Mənbələri üzrə Xüsusi Məkan Çərçivəsi ilə bağlı məsələnin də diqqətlə izlənildiyini açıqlayıb.

Ankara bildirib ki, bu qərarın Türkiyə baxımından hüquqi nəticəsi yoxdur və ölkə Egey dənizindəki hüquq və maraqlarını beynəlxalq hüquq çərçivəsində qorumaqda davam edəcək.

Türkiyə eyni zamanda Egey problemlərinin dialoq, beynəlxalq hüquq və yaxşı qonşuluq münasibətləri əsasında həll edilməsinin tərəfdarı olduğunu bəyan edib.