İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı yeni iqtisadi sanksiyalarla bağlı açıqlamalarını beynəlxalq hüquqa zidd adlandıraraq sərt şəkildə pisləyib.
Çağdaş.Az xəbər verir ki, İran XİN Trampın “İrana qarşı indiyədək dünyanın gördüyü ən ağır iqtisadi sanksiya əməliyyatını başladıq” bəyanatına cavab olaraq yaydığı açıqlamada bu addımın “müharibənin digər üzü” olduğunu bildirib.
Nazirlik bəyan edib ki, ABŞ-ın həyata keçirdiyi “Economic D-Day” (İqtisadi D-Day) əməliyyatı qanunsuz xarakter daşıyır və beynəlxalq hüququn pozulmasıdır.
İran tərəfi sanksiyaların tətbiqinə göstəriş verən və onları icra edən şəxslərin gələcəkdə hüquqi məsuliyyət daşıya biləcəyini vurğulayıb.
“Bu qanunsuz addımın nəticələri və doğuracağı bütün fəsadlara görə məsuliyyət ABŞ hökumətinin və bu siyasəti həyata keçirən şəxslərin üzərinə düşəcək”, – deyə bəyanatda bildirilib.
ABŞ Prezidenti Donald Tramp dünən verdiyi açıqlamada Vaşinqtonun İrana qarşı indiyədək ən genişmiqyaslı iqtisadi sanksiya kampaniyasına başladığını bildirib.
Tramp qeyd edib ki, İranı beynəlxalq səviyyədə təcrid etmək üçün bütün müttəfiqlərin ABŞ-la birgə hərəkət etməsi vacibdir.
O, həmçinin xəbərdarlıq edib ki, İrana maliyyə, logistika və ya digər formada dəstək verən ölkələr, banklar, şirkətlər, hava limanları və dövlət qurumları da ciddi iqtisadi nəticələrlə üzləşəcəklər.



