15 illik müharibədən və keçmiş rejimin qəddar idarəçiliyindən sonra Suriya tamamilə fərqli, sülhsevər, açıq və azad bazar iqtisadiyyatına söykənən yeni bir mərhələyə qədəm qoyur.
Cagdas.az xəbər verir ki, bunu İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxış edən Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal əl-Şaar deyib.
Dünyada gedən köklü iqtisadi dəyişikliklərə toxunan nazir qeyd edib ki, pandemiya, Rusiya-Ukrayna münaqişəsi və Hürmüz boğazındakı gərginlik fərqli bir reallıq yaradıb:
“Bütün qlobal iqtisadiyyat istehsaldan ticarət marşrutlarına, enerjidən marketinqə qədər yenidən qurulur (re-engineering). Artıq universal qloballaşma yox, seçici qloballaşma dövrüdür. Ən vacib məqam isə odur ki, davamlılıq (resilience) anlayışı səmərəliliyi (efficiency) üstələyib. Bu gün əsas sual ‘dəqiq vaxtında tədarük’ deyil, ‘tədarük kəsilərsə nə olacaq?’ sualıdır. Bütün bu proseslər süni intellekt tərəfindən idarə olunur”.
Məhdud maliyyə resurslarına baxmayaraq, Suriyanın dünya ilə yenidən inteqrasiya olunduğunu vurğulayan Nidal əl-Şaar Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət çəkib:
“Biz keçmiş mənfur rejim səbəbindən təkcə son 15 il deyil, 60 ildən çox idi ki, dünya ilə əlaqələrdən məhrum edilmişdik. İndi isə yenidən qayıdırıq. Bir həftə öncə Özbəkistanda keçirilən görüşlərin ardınca, bu gün dostum Mikayıl Cabbarov ilə birlikdə Suriya-Azərbaycan Biznes Şurasının rəsmi təşkil edildiyini elan edirik. Bu, son 60 ildə itirdiyimiz dünyaya inteqrasiya yolunda çətin, lakin mühüm addımdır”.
Yeni investisiya mühitindən danışan nazir qeyd edib ki, ölkədə qanunvericilik tamamilə yenilənir və keçmişdəki kimi müəyyən qruplara deyil, bütün investorlara açıq formaya gətirilir:
“Dağıdılmış bir ölkə olaraq sıfırdan başlayırıq. Lakin biz yardım axtarmırıq, biz ağıllı kapital və texnologiya transferi gətirəcək tərəfdaşlar axtarırıq. Biz investorlara nə edəcəklərini diktə etməyəcəyik. Ehtiyaclarımız bəllidir: investorlar gəlib özlərinə uyğun olan, uğur qazana biləcəkləri sahəni seçəcək və bizim tərəfdaşımıza çevriləcəklər”.
















