İlkin araşdırmaların nəticələrinə görə, Sumqayıtda məktəblilərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
AQTA-dan Cagdas.az-a bildirilib ki, aparılan ilkin araşdırmalar zamanı hadisəyə şagirdlərdən birinin məktəbə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulunun səbəb olduğu müəyyən edilib.
Agentlikdən verilən açıqlamada qeyd olunub:
“Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, hadisə 2 oktyabr 2026-cı il tarixində dərs prosesi zamanı baş verib. Bir qrup şagirdin özünü pis hiss etməsindən sonra məktəb rəhbərliyi tərəfindən dərhal tədbir görülüb və onlar müvafiq tibb müəssisəsinə yönləndirilib.
TƏBİB-in məlumatına görə, 11 oğlan və 3 qız olmaqla 14 şagird zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onların vəziyyəti stabil qiymətləndirilir. \musavat.az\





