“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında sosial və iqtisadi məsələlərlə bağlı səsləndirdiyi fikirlər dövlət siyasətinin əsas prioritetini bir daha göstərdi: Azərbaycanın artan imkanları insanların rifahının yüksəlməsinə xidmət etməkdədir”.
Çağdaş.Az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin iqtisadçı deputatı Tahir Mirkişili deyib.
O bildirib ki, dövlət başçısının 2027-ci ildə minimum əməkhaqqının, cların və sosial müavinətlərin artırılacağı barədə açıqlaması bu yanaşmanın konkret ifadəsidir: “Burada vacib məqam sosial siyasətin ardıcıl və məqsədyönlü xarakter daşımasıdır. Əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi və yaşayış səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Prezidentin bu artımların müntəzəm həyata keçirildiyini qeyd etməsi də vətəndaş rifahının daim diqqət mərkəzində olduğunu təsdiqləyir”.
Deputatın fikrincə, sosial siyasətin davamlılığını təmin edən əsas amil güclü iqtisadi və maliyyə bazasıdır. O vurğulayıb ki, dövlətin gəlrləri artdıqca sosial öhdəlikləri yerinə yetirmək, insanların ehtiyaclarına cavab vermək imkanları daha da artır:
“Buna görə investisiyaların cəlbi, yeni istehsal sahələrinin yaradılması və maliyyə dayanıqlığının qorunması vətəndaşın rifahı ilə birbaşa bağlıdır”.
T.Mirkişili əlavə edib ki, bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələrə çox mühümdür: “Prezidentin açıqladığı kimi, iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bağlanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dolları ötüb. Sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda iştirak edən aparıcı investisiya qurumlarının idarəçiliyində isə 30 trilyon dollardan çox vəsait var.

Bu miqyasda maliyyə idarə edən qurumlar qərarlarını risklərin, gəlirlilik imkanlarının və uzunmüddətli perspektivlərin qiymətləndirilməsi əsasında verirlər. Onların Azərbaycana marağı ölkəmizin iqtisadi perspektivlərini şübhə altına alan müxtəlif mərkəzlərin və bəzi “ekspertlərin” iddialarına qarşı ciddi faktiki arqumentdir.
İmzalanmış kontraktların reallaşması isə bu etimadı yeni müəssisələrə, iş yerlərinə və əlavə gəlirlərə çevirəcəkdir”.
O həmçinin bildirib ki, Prezidentin çıxışının mühüm məqamlarından biri də Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 5,6 faizini təşkil etməsidir: “Dövlət başçısı ölkəmizin istəsə, bu borcu 24 saat ərzində tam ödəmək imkanına malik olduğunu vurğuladı. Dünyanın nəhəng iqtisadiyyatlarının dövlət borclarının trilyon dollarlarla ölçüldüyü bir şəraitdə Azərbaycanın belə maliyyə imkanına sahib olması iqtisadi müstəqillik baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu imkan ölkəmizə iqtisadi qərarlarında daha geniş sərbəstlik verir, xarici risklər qarşısında dayanıqlığı gücləndirir və gələcək nəsillərin üzərinə ağır borc yükü qoymadan inkişafı maliyyələşdirməyə şərait yaradır”.
Deputat hesab edir ki, Azərbaycan üçün hazırda əsas hədəf bu maliyyə gücünü qorumaqla onu daha məhsuldar iqtisadiyyata, keyfiyyətli məşğulluğa və vətəndaşın gündəlik həyatında hiss olunan rifahın artımına çevirməkdir.
Mürtəza


