Son vaxtlar yollarda bəzi avtomobillərin üzərində sayrışan işıqlara, yəni “miqalka”lara rast gəlinir.
Cagdas.az -ın məlumatına görə, bu cür işıqların hansı məqsədlə quraşdırıldığı və həmin avtomobillərin xüsusi üstünlüyə malik olub-olmadığı da sual doğurur.
Bəs adi avtomobilə sayrışan işıq quraşdırmaq mümkündürmü? Hansı nəqliyyat vasitələrində bu qurğulardan istifadəyə icazə verilir və belə işıqlardan istifadə edən sürücülərin yolda hansı hüquqları var?
Baş DYP İdarəsinin inspektoru polis kapitanı Elvin Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bu kimi qayda pozuntuları DYP əməkdaşları tərəfindən aşkarlandığı zaman ən kəsərli tədbirlər görülür:
“Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi səs və sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemleri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiraadar və diger texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifa edilməsinə görə – inzibati xətanın torədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə həmin şəxs inzibati məsuliyyətə cəlb olunur”.
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Həmçinin, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir.


