Son dəqiqə
Reklam
Reklam

Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR

Cəmiyyət

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər şagirdlərinə yalnız elmi biliklər vermir, həm də onların dünyagörüşünün formalaşmasında, gələcəkdə cəmiyyət içərisində özlərini tapmasında, peşə seçimində çox mühüm rol oynayırlar. Deputatların da həyatında iz qoyan, onların formalaşmasında rol oynayan müəllimləri olub.

Cagdas.az  saytı bu mövzuda deputatlarla həmsöhbət olub.

Aydın Mirzəzadə bildirib ki, onun ən böyük müəllimləri nənəsi, anası və atası olub:

“Hesab edirəm ki, ən böyük müəllimlərim nənəm, anam və atam olub. Onların mənə öyrətdiyi həyat dərsləri formalaşmağımda çox ciddi rol oynayıb. Orta məktəbdə, universitetdə mənim çox gözəl müəllimlərim olub. İbtidai sinif müəllimim Xanım müəllimə bu yaxınlarda 90-dan yuxarı yaşda həyatını dəyişib. O, mənim həyatımda çox müsbət iz buraxıb. Qeyri-adi müəllim idi. Dərsdən sonra zəif oxuyan şagirdləri yığıb aparır, onlara həyətində yenidən dərs öyrədirdi. Sovet dövründə ikinci belə bir müəllim eşitməmişəm. Çox mülayim xasiyyətli idi, sevgi ilə hər kəsi öyrətməyə çalışırdı.
Xatirimdə xüsusi qalan digər müəllimim orta məktəbdə riyaziyyatdan mənə dərs deyən Musa müəllimdir. Mən onu riyaziyyatın dahisi hesab edirəm. Birincisi, çox gözəl izahetmə qabiliyyəti vardı, ikincisi, çox maraqlı pedaqoji yanaşması vardı. O, sinifdə riyaziyyatı yaxşı bilənlərdən soruşmadan avtomatik “5”  yazırdı, zəif olanlarla işləyirdi. Dərsi əsasən onlardan soruşub başa salmağa çalışırdı.

Deputat qeyd edib ki,sonradan həm Xanım müəllimə, həm də Musa müəllimlə uzun müddət münasibətləri olub:

“Bayramlarda onlara zəng edirdim. Hər ikisi mənim nəzərimdə çox dəyərli Azərbaycan müəllimi idi. İndi də vaxtaşırı orta və ali məktəblərdə sözün əsl mənasında müəllimlik nümunəsi göstərənlər haqda oxuyuram. Bu, məni ürəkdən sevindirir. Hər il qəbul imtahanlarından sonra bu və ya digər məktəbdə hansısa sinfin bütünlüklə ali məktəblərə qəbul olunması barədə informasiyalar yayılır. Bu il Mingəçevirdə iki orta məktəbin hərəsində bir sinif, daha bir məktəbdə isə iki sinif bütünlüklə ali məktəbə qəbul olundu. Sözün əsl mənasında uşaqları öyrədən, onları formalaşdıran Azərbaycan müəllimləri var. Onlarla fəxr edirik, sevgimizi bildiririk. Sağ olsun, Azərbaycan müəllimləri!”.

Ceyhun Məmmədov qazandığı uğurlara görə müəllimlərinə borclu olduğunu söyləyib:

“Bu gün hər birimizin formalaşmasında, həyatda uğur qazanmasında müəllimlərimizin böyük rolu olub. Qazandığımız uğurlara görə müəllimlərimizə borcluyuq. Təbii ki, o dövrə baxanda bütün müəllimlərimiz, demək olar ki, yaxşı idilər. Mən ibtidai sinif müəllimimiz Fatimə xanımı xüsusi qeyd etmək istəyirəm. Sonrakı dövrdə mənə dərs demiş ədəbiyyat müəllimimiz Allahverdi müəllimi, coğrafiya müəllimimiz Ələkbər müəllimi də unuda bilmərəm. Bu gün həyatda olan Qiymət müəllimi, Yeganə müəllimi, Oruc müəllimi də qeyd etməliyəm. Bütün bu müəllimlər bizim həyatımızda çox böyük iz qoyublar. Müzəffər müəllimi də yada salmaq istərdim”.

Deputat müəllimlərini böyük ehtiramla xatırladığını qeyd edib:

“Müəllimlərimi ehtiramla xatırlayır və onlara öz təşəkkürümü bildirirəm. Bu gün onlar qarşımızda olsaydı, bir daha minnətdarlıq edərdim. Formalaşmağımızda rol oynadıqlarına, bizə doğru yol göstərdiklərinə, pis işlərdən çəkindirdiklərinə görə… Allah dünyasını dəyişənlərə rəhmət, həyatda olanlara can sağlığı versin”.

Məlahət İbrahimqızı bildirib ki, Ağstafa rayonunda 24 saylı dəmiryol məktəbini bitirib və onun formalaşmasında müəllimlərinin böyük rolu olub.

“Fürsətdən istifadə edərək 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkəmizin bütün təhsil işçilərini təbrik edir, millətimizin gələcəyi olan gənc nəslin formalaşmasındakı fədakar fəaliyyətlərində uğurlar arzulayıram. Şəhid müəllimlərimizə isə Allahdan rəhmət diləyirəm. Sözsüz ki, 17 yaşıma qədər təhsil və tərbiyə almağımda, formalaşmağımda valideynlərimdən sonra müəllimlərimə minnətdaram. Mənim oxuduğum məktəb respublikamızın ən məşhur təhsil ocaqlarından biri idi. Ona görə də bütün müəllimlərim bir-birindən dəyərli və fədakar idilər. Coğrafiya və biologiya fənləri üzrə müəlliməm Bülbül müəllimi, riyaziyyat müəllimlərim Zöhrə və Nəzakət xanımı, kimya müəllimim Qasım müəllimi heç vaxt unutmayacağam. Daim onları minnətdarlıqla yad edəcəyəm”.

Deputat xüsusilə cəbr və həndəsə müəllimi olmuş mərhum Nəzakət xanımın onun dünyagörüşünün formalaşmasında xüsusi rol oynadığını qeyd edib:

“İndi o dövrlə müqayisədə vəziyyət tam fərqlidir. O vaxt hər yerdə sovet ideologiyası hökm sürürdü və bizi daha çox sovet vətəndaşı kimi tərbiyə edirdilər. Amma cəbr və həndəsə fənləri üzrə müəllimim, rəhmətlik Nəzakət xanım bizə daim deyirdi ki, siz elə oxumalı və çalışmalısınız ki, Azərbaycan üçün ən layiqli və dəyərli vətəndaş olasınız. O zaman biz bu sözləri tam anlamırdıq. Sinifdə şagirdlər ona bununla bağlı sual verəndə isə qorxmadan deyirdi ki, Azərbaycan özü bir dövlətdir. Sözsüz ki, həmin dövrdə belə fikirləri səsləndirmək böyük cəsarət tələb edirdi. O, hər dəfə şagirdlərin şüuruna milli ruh aşılayırdı”.

Arzuxan Əlizadə vurğulayıb ki, Müəllimlər Günündə hər bir insan ilk növbədə həyatında xüsusi iz qoymuş müəllimlərini minnətdarlıqla xatırlayır.

“Əvvəlcə onu qeyd edim ki, mən özüm müəllim ailəsində anadan olmuşam. Valideynlərimin hər ikisi müəllim olub. Məhz buna görə də müəllimlər mənim üçün son dərəcə dəyərlidirlər. Müəllim peşəsinin ucalığı və onun cəmiyyətə verdiyi töhfələrlə, demək olar ki, gözümü açdığım gündən tanış olmuşam. Təbii ki, ilk müəllimim də məhz anam olub. O, məktəbəqədər dövrdə məni həm məktəbə, həm də həyata hazırlayıb. Mən məktəbə elə onun hazırlığı ilə qədəm qoymuşam. Sonradan mənə müxtəlif fənləri tədris edən çoxlu müəllimlərim oldu. Onların arasında ibtidai sinif müəllimim Nabat müəllimi xüsusilə qeyd etmək istəyirəm. Yeri gəlmişkən, bildirim ki, mən İkinci Zabrat qəsəbəsində yerləşən 75 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşam və həmin məktəbin 10-cu sinfini qızıl medalla bitirmişəm. Mənim həmin medala layiq görülməyimdə və təhsildə əldə etdiyim uğurlarda 75 nömrəli məktəbin müəllimlərinin çox böyük xidməti olub”.

Deputat müəllimlərinin tələbkarlığını xüsusi vurğulayıb:

“Həmin dövrdə məktəbin direktoru olan İsgəndər müəllim eyni zamanda bizə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirdi. O, məktəb direktoru olmaqla yanaşı, böyük hörmətə layiq çox tələbkar və nüfuzlu bir müəllim idi. Tədris etdiyi fənlə bağlı belə bir kəlamı var idi, deyirdi: “Əgər ali məktəbə qəbul imtahanında mənim fənnimdən “4” alsanız, mən hətta biləklərimi kəsərəm”. O, bizə fənni bu dərəcədə yüksək səviyyədə tədris edən müəllimlərimizdən biri idi. Mənə dərs deyən bütün müəllimlərimin adını bu gün də tək-tək çəkə bilərəm. Ümumilikdə isə 75 nömrəli orta məktəbin bütün müəllimlərini minnətdarlıqla xatırlayıram. Mənə dərs deyən müəllimlərin əksəriyyəti dünyasını dəyişib. Allah onlara rəhmət eləsin, ruhları şad olsun!”

Deputat ali təhsil illərindən və ona dərs deyən görkəmli ziyalılardan da söz açıb:

“Daha sonra mən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldım, hüquqşünaslıq ixtisasına yiyələndim. Həmin fakültəyə daxil olarkən dekanımız Firidun Səməndərovu, eləcə də axşam şöbəsinin dekanı Məmmədxan Rəsulovu böyük minnətdarlıq hissi ilə xatırlayıram. Mənə Murtuz Ələsgərov, o zaman Ali Məhkəmənin sədri olan Hüseyn Talıbov və bir çox başqa görkəmli müəllimlər dərs deyiblər.  Açığı, onların heç birini fərqləndirmirəm, çünki hər birinin mənim bir şəxsiyyət kimi formalaşmağımda xüsusi rolu və əhəmiyyəti olub”.

A.Əlizadə müəllim peşəsinin aliliyini və cəmiyyətdəki yerini belə dəyərləndirib:

“Onu da qeyd etmək istəyirəm ki, mən müəllimlik peşəsinə o dövrdə cəmiyyət tərəfindən daha çox dəyər verildiyini düşünürəm. Bu gün də müəllimlərimiz diqqət mərkəzində olmalıdırlar. Müəllimlik peşəsini ən ali peşə hesab edirəm. Biz sonradan həyatda istənilən peşəyə, istənilən ixtisasa yiyələnə və müxtəlif sahələrdə fəaliyyət göstərə bilərik. Lakin təbii ki, həyatda qazandığımız uğurların əsas bünövrəsini qoyan, bizi həyata hazırlayan məhz müəllimlərimiz olub. Buna görə də hər birimiz müəllim peşəsinə və müəllimlərimizə bu gün də böyük ehtiram və diqqətlə yanaşmalıyıq.
Qismət elə gətirdi ki, mən özüm də 5 il ərzində universitetlərimizin birində pedaqoji fəaliyyətlə məşğul oldum, “Dövlət və hüquq nəzəriyyəsi” fənnini tədris etdim. Bu gün məni həyata hazırlayan, mənə təhsil verən, ilk hərfləri öyrədən müəllimlərimi xüsusi ehtiramla xatırlayıram. Bir haşiyə çıxım: ibtidai sinif müəlliməmiz Nabat müəllimə, Allah ona rəhmət eləsin, bizi ilk gündən həm həyata hazırlayır, həm təhsil verir, həm də mənəvi dəyərlərimizi aşılayırdı. Zaman keçdikcə dərk edirsən ki, ilk gündən sənə hansı dəyərlər aşılanıb və müəllim səni həyata necə hazırlayıb. Mənim sonradan mütaliəyə maraq göstərməyimdə də Nabat müəllimənin müstəsna rolu olub. O, 1-ci sinifdən hərfləri öyrətdikdən sonra bizdə kitaba həvəs oyatmışdı. Kimin daha çox kitab oxuyacağı ilə bağlı aramızda bir rəqabət mühiti yaratmışdı; oxuduğumuz kitablar barədə suallar verir, fikirlərimizi öyrənirdi. Bu da təbii ki, gələcək həyatımızda çox mühüm rol oynadı”.

A.Əlizadə sonda bütün müəllim kollektivini təbrik edib:

“Sizin kütləvi informasiya vasitəniz vasitəsilə Azərbaycanın bütün müəllimlərini təbrik edirəm! Bu şərəfli peşədə çalışan hər bir müəllimə fəaliyyətində uğurlar arzulayıram. Dünyasını dəyişmiş müəllimlərimizə dərin hörmət və ehtiramımı bildirir, Allahdan onlara rəhmət diləyirəm. Müxtəlif fənləri tədris edən, eləcə də təqaüddə olan bütün müəllimlərimizə cansağlığı və uzun ömür arzulayıram. Cəmiyyətimizin daha da möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin və təhsilimizin yüksəlməsində onlara şərəfli peşə fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”.

Razi Nurullayev də məktəb illərini və müəllimlərini xoş xatirələrlə xatırlayıb:

“İmişli rayonunun Xəlfəli kəndində oxumuşam və bütün müəllimlərimi bu gün də xoş hisslərlə xatırlayıram. Dünyasını dəyişən müəllimlərimə Allahdan rəhmət, həyatda olanlara isə möhkəm can sağlığı arzulayıram. İbtidai sinif müəllimim Qubuş müəllim olub. Onunla bağlı yaddaşımda qalan maraqlı bir hadisə var. Dərs başlamazdan əvvəl deyərdi: “Mənə bir vərəq verin”. Bütün uşaqlar tələsik dəftərin ortasından bir vərəq qoparıb ona verməyə çalışardılar. Nəticədə hər kəs bir vərəq qoparırdı, amma bir nəfərin vərəqi istifadə olunurdu. Qubuş müəllim isə pullarını çıxararaq təzə vərəqə bükürdü. O vaxt bunun bizə çox maraqlı gələn bir tərəfi vardı, bu gün isə həmin hadisəni gülümsəyərək xatırlayıram.
Dil və ədəbiyyat müəllimim Famil müəllim olub. Sevimli müəllimlərimizdən biri idi. Mənim yazı xəttim o vaxt da yaxşı deyildi. Famil müəllim mənə deyərdi: “Savadlısan, bəlkə də gələcəkdə yaxşı bir mənsəb sahibi olacaqsan. Amma bu pis xəttin həmişə başına bəla olacaq”. Bu sözləri illər keçsə də unutmamışam. Doğrudan da, müəllimin bir cümləsi bəzən insanın yaddaşında ömür boyu qalır. Məktəbimizin direktoru Ərkivan müəllimi də böyük hörmət və xoş hisslərlə xatırlayıram. Çox gözəl müəllim və yaxşı məktəb rəhbəri idi. Rus dili müəllimimiz İbadulla müəllim isə çox sərt və tələbkar idi. Amma bu gün geriyə baxanda yaxşı ki, belə tələbkar müəllimimiz olub deyirəm. Onun da üzərimizdə böyük əməyi var. Xəlil müəllimi, Səxavət müəllimi, Ümidvar müəllimi, Mehman müəllimi və adlarını sadalamadığım bütün müəllimlərimi minnətdarlıq hissi ilə xatırlayıram. Hər birinin bizim formalaşmağımızda öz payı olub”.

Deputat müəllimlərinə demək istədiyi fikri də bizimlə bölüşüb:

“Əgər bu gün müəllimlərimin hamısı qarşımda olsaydı, onlara bir söz deyərdim: “Sizin əməyinizi illər keçdikcə, daha yaxşı anlayıram. Bizim bu gün gəlib çatdığımız yolda sizin hər birinizin zəhməti var. Buna görə hər birinizə minnətdaram”. Müəllim insanın həyatında yalnız dərs öyrədən şəxs deyil. Bəzən onun dediyi bir cümlə, göstərdiyi tələbkarlıq və ya verdiyi kiçik bir məsləhət insanın bütün həyatında iz buraxır”.

Vüqar İskəndərov deyib ki, bəzi müəllimlərin dərsi məktəbi qurtarandan sonra da qulağında sırğa olub:

“Şəki şəhər 17 nömrəli tam orta məktəbi bitirmişəm. Demək olar ki, orada mənə dərs deyən müəllimlərin hamısı yaxşı olub. Onlardan yalnız fənni deyil, həyata münasibəti, məsuliyyəti, öz mövqeyinin arxasında dayanmağı öyrənmişəm. Yaddaşımda qalan əsas fikirlərindən biri bu idi: “Bizdən öyrəndiklərinizlə bərabər həyat məktəbini də yaxşı oxuyun!” İllər keçdikcə anlayırsan ki, müəllimin vaxtilə dediyi sadə bir cümlə bəzən insanın bütün həyat yolu boyu onunla gedir”.

Deputat müəllimlərinə demək istədiyi fikirləri də bölüşüb:

“Bu gün qarşımda olsaydılar, sadəcə deyərdim: “Müəllim, verdiyiniz dərslərin qiymətini illər keçdikcə,  daha yaxşı anlayıram. Sizə təşəkkür edirəm!” Müəllim üçün bundan böyük nəticə də yoxdur-yetişdirdiyi insanın yaddaşında və həyatında qalmaq!”

Elçin Mirzəbəyli Lənkəran şəhər 2 saylı orta məktəbinin fizika-riyaziyyat təmayüllü sinfini bitirib:

“İlk müəllimim ibtidai sinifdə biz öyrədən Məsumə xanım – indiyə qədər, təbii ki, xatirimdədir – dünyasını dəyişib, Allah rəhmət eləsin. Digər müəllimlərimi də xatırlayıram və onların hər birinin, şübhəsiz ki, mənim dünyagörüşümün ibtidai müstəvidə formalaşması prosesində öz rolu olub. Çünki baza təhsili insanın dünyagörüşünün alt qatının formalaşması üçün mühüm əhəmiyyətə malikdir. Bu sırada xüsusilə qeyd edəcəyim insanlar var: ədəbiyyat müəllimim Səmayə xanım, fizika müəllimim Roza xanım, tarix müəllimlərim Ceyhun və Dilqəm müəllim, o cümlədən riyaziyyat müəllimim və sinif rəhbərim Səadət xanım və digərlərinin, şübhəsiz ki, dünyagörüşümün formalaşmasında rolu olub”.

Deputat xüsusilə fizika müəllimi Roza müəllimin onun mənəvi inkişafında müstəsna yeri olduğunu vurğulayıb:

“Xüsusilə Roza müəllimi qeyd etmək istəyərdim. Çünki o, mənim təkcə fizika müəllimim olmayıb, həmçinin mənə klassik musiqini və bütövlükdə klassik ədəbiyyatı sevdirən insanlardan biri olub. Onun tövsiyələri ilə mən həm dünya irsinə daxil olan bəstəkarlıq nümunələri, həm qədim yunan ədəbiyyatının nümunələri, həm də Roma tarixi ilə tanış olmuşam. Bu biliklər dünyagörüşümün, bəşəriyyətin və dünyanın dərk edilməsində zəruri rol oynayıb. Daha sonra həm Bakıda təhsil aldığım zaman kəsiyində, həm də Sankt-Peterburqda oxuduğum müddətdə müəllimlərimin dünyagörüşümün formalaşmasında müstəsna xidmətləri olub. Amma bunu da qeyd etməliyəm ki, insan həm də özü-özünü yetişdirir. Müəllimlər bir yol, istiqamət, cığır göstərirlər. Əgər sən o cığırla doğru istiqamətə yönəlirsənsə, bu, təbii ki, sənin bir şəxsiyyət kimi formalaşmağında önəmli rol oynayır”.

Deputat illər keçməsinə baxmayaraq, müəllimlərlə bağlı xatirələrin hər zaman əziz olduğunu diqqətə çatdırıb:

“Orta məktəbi bitirdiyim zamandan 42 il keçir, yəni böyük zaman kəsiyidir. Xırda detallar və yaxud xatirələr hal-hazırda tam yadımda olmasa da, ümumi şəkildə sinif yoldaşlarımı, müəllimlərimi xatırlayıram. Detalları yenidən xatırlamaq üçün həmin o atmosferin yaranması, sinif yoldaşları ilə bir araya gəlmək lazımdır”.

E.Mirzəbəyli fikirlərini müəllimlərə ünvanladığı təbriklə yekunlaşdırıb:

“Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edirəm, onlara möhkəm can sağlığı arzulayıram. Diləyirəm ki, onlar Azərbaycan vətəndaşı və işıqlı insanların yetişdirilməsi istiqamətində səylərini və fədakarlıqlarını davam etdirsinlər”.

Göydəniz Qəhrəmanov bildirib ki, hər bir cəmiyyətin elmi və biliyi onun əsas sütunlarından biridir:

“Müəllimlərin bu istiqamətdə xüsusi rolu var. Mən hər zaman qeyd edirəm ki, müəllimlərimin mənim həyatımda önəmli rolu olub. Onların mənə verdiyi təhsil və bilik hər zaman həyatımda mənə kömək, dəstək olub. Sizin vasitənizlə müəllimlərimə bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Deputat vurğulayıb ki, müəllimlərin cəmiyyətdəki rolu danılmazdır, çünki onlar uşaqları kiçik yaşlarından həyata hazırlayırlar:

“Onlar uşaqlıq və məktəb illərindən valideynlərlə bərabər uşaqları həyata, cəmiyyətə hazırlayırlar. Ali təhsil müəssisələrində də gənclərin bilik və təhsil almasında, onların gələcəkdə müxtəlif istiqamətlərdə çalışmaları, müxtəlif vəzifələri tutmaları üçün məhz müəllimlərin xüsusi rolu var. Bilirsiniz ki, bilik və elm hər zaman ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayır”.

O, dövlət rəhbərliyinin də təhsil sahəsinə böyük diqqət ayırdığını diqqətə çatdırıb:

“Xüsusilə qeyd etmək istəyirəm ki, cənab Prezident hər zaman elm və təhsillə bağlı çıxışlarında mühüm mesajlar verir, bu sahəyə xüsusi diqqət ayırır. Sonuncu çıxışında, buyaxınlarda YAP-ın VIII Qurultayında da elmin və təhsilin cəmiyyətdə necə mühüm rol oynadığını bir daha xüsusilə qeyd etdi”.

“Bu gün bütün bu sahədə çalışan müəllimlərimizi, elm xadimlərimizi təbrik edir, onlar üçün can sağlığı arzulayıram. Hər zaman işləri uğurlu və xeyirli olsun. Sizə də bu məsələyə hər zamankı kimi xüsusi diqqət ayırdığınız üçün təşəkkür edirəm”,-deyə deputat sonda vurğulayıb.\modern.az\