Son dəqiqə

Kreml: Zelenski zəng etsə, Putin telefona cavab verəcək

Dünya

Kremlin Xarici Siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə əlaqə saxlamaq istəsə, Putin onun zənginə cavab verəcək.

Çağdaş.Az xəbər verir ki, Uşakov bu barədə Rusiya mətbuatına açıqlamasında, Ukrayna ilə bağlı BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqları şərh edərkən danışıb.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə işçi səviyyəsində təmaslar davam edir və buna görə də danışıqların ilk mərhələsinin üçtərəfli formatda keçirilməsi məntiqli görünür.

Uşakov həmçinin qeyd edib ki, Zelenski Moskva şəhərində Putinlə görüş imkanını nəzərdən keçirir və bu niyyətini müxtəlif kanallar vasitəsilə Rusiya tərəfinə çatdırır.

Jurnalistin “Əgər Zelenski zəng etsə, Putin telefona cavab verərmi?” sualına cavab olaraq Kremlin rəsmisi deyib:

“Düşünürəm ki, bəli. Putin heç vaxt dialoqdan imtina etməyib.”

Uşakovun açıqlaması Moskva ilə Kiyev arasında mümkün diplomatik təmasların bərpası ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.