Son dəqiqə

Azərbaycanda bu şəxslərə pul verilməsi təklif olunur

Cəmiyyət
“İşsizlikdən Sığorta Fondunun xərcləri 319.2 milyon manat olacaq. Onun cəmi 36 milyon manatı işsizliyə görə sığorta ödənişləridir. Yəni, 11.5 faizi işsizliyə görə sığorta ödənişidir. Əgər fondun xərclərinin hər 100 manatdan cəmi 11 manatı onun adında qeyd edilən işsizlikdən sığorta üçün istifadə edilirsə ya fondun xərclərinin strukturunun yenidən təhlili, ya da fondun adının dəyişdirilməsi məqsədəuyğundur”.

Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
“Göründüyü kimi, fondun vəsaitlərin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi, “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”, – deputat bildirib.
V.Bayramov əlavə edib ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar gələn il təxminən 9 faiz artacaq:

“Qeyri-büdcə sektoru üzrə təxminən 7 faiz artacaq. Gələn ildən qeyri neft və qeyri-dövlət sektoru üzrə gəlir vergisinin 3 faizdən 5 faizədək artırılmasının təsirləri nəzərə alınıbmı? Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənişlərin daha çox artacağı gözləniləndir. Çünki, gələn ildən minimum əmək haqqı da artırılacaq”.

O həmçinin vurğulayıb ki, dəfn müavinətləri ödənişlərinin işləməyən şəxslər də dünyasını dəyişəndə ödənilməsi məqsədə uyğun olardı.