Norveçin Baş naziri Yonas Qar Störe “POLITICO” nəşrinə verdiyi müsahibədə Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlardan tez bir zamanda genişmiqyaslı sülh gözləməməyə çağırıb.
Çağdaş.Az xəbər verir ki, Norveç hökumətinin rəhbəri bu danışıqların yalnız ilk addım olduğunu vurğulayıb. Störenin sözlərinə görə, Əbu-Dabi görüşündə əsasən Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, energetika obyektlərinə hücumların dayandırılması barədə müvəqqəti atəşkəs, cəbhə xəttinin dondurulması və hərbi əsirlərin dəyişdirilməsi kimi məsələlər müzakirə oluna bilər.
Störe həmçinin xəbərdarlıq edib ki, Avropanın gələcək təhlükəsizlik arxitekturasını alver predmeti etmək olmaz və bu cür strateji məsələlər yalnız müharibə tam başa çatdıqdan sonra müzakirə olunmalıdır. Finlandiya prezidenti Aleksander Stubb ilə birlikdə Rusiya lideri ilə apardığı telefon danışığını müdafiə edən Norveç Baş naziri Vladimir Putini rasionallıqla hərəkət edən siyasətçi kimi xarakterizə etsə də, Moskva tərəfindən hələlik real sülh sazişinə hazır olduğuna dair heç bir əlamət görmədiyini bəyan edib./Musavat.com/


