İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda yerləşən Qantara və Kfar-Tebnit yaşayış məntəqələrinə hava zərbələri endirib.
Çağdaş.Az xəbər verir ki, bu barədə Livanın rəsmi və yerli KİV-ləri məlumat yayıb. Məlumata görə, hər iki yaşayış məntəqəsi İsrail Müdafiə Qüvvələrinin (TSAHAL) ölkənin cənubunda təhlükəsizlik məqsədilə yaratdığı “bufer zona” hüdudlarında yerləşir. Zərbələr nəticəsində ərazidə güclü partlayışlar baş verib, mülki infrastruktura və tikililərə ciddi ziyan dəyib.
Litani çayından cənubda yerləşən bu yaşayış məntəqələrində son həftələr kəşfiyyat uçuşları və hədəfli aviazərbələr kəskin şəkildə intensivləşib.
İsrail tərəfi bu ərazilərdə “Hizbullah” qruplaşmasının hərbi infrastrukturlarını və raket qurğularını sıradan çıxarmaq məqsədilə əməliyyatları davam etdirdiyini bildirir. Zərbələrdən dərhal sonra əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub./Musavat.com/


