Prezident İlham Əliyevin sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Cagdas.az xəbər verir ki, bununla da o, BDU tarixinə ilk qadın rektor kimi düşüb.
BDU-ya kimlər rəhbərlik edib?
Bakı Dövlət Universitetinin 1919-cu ildə fəaliyyətə başlamasından indiyədək universitetə müxtəlif dövrlərdə alimlər, akademiklər və dövlət xadimləri rəhbərlik ediblər.
Universitetin ilk rektoru 1919–1920-ci illərdə bu vəzifəni icra edən rusiyalı professor, cərrah Vasili Razumovski olub. Ondan sonra Sergey Davidenkov (1920–1923), Aleksandr Qulyayev (1923–1926), Tağı Şahbazi Simurğ (1926–1929), Vladimir Yelpatyevski (1929) və Maqsud Məmmədov (1929–1930) universitetə rəhbərlik ediblər.
1930-cu ildə universitetin fəaliyyəti dayandırılıb, 1934-cü ildə yenidən bərpa edilib. Bundan sonra rektor vəzifəsini Məmmədkazım Ələkbərli (1934–1935), Bala bəy Həsənbəyov (1935–1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937–1941), Şamil Əliyev (1941–1944), Abdulla Qarayev (1944–1950) və Cəfər Hacıyev (1950–1954) tutublar.
1954–1958-ci illərdə universitetə görkəmli alim, akademik Yusif Məmmədəliyev rəhbərlik edib. Sonrakı rektorlar Şəfaət Mehdiyev (1958–1965), Mehdi Əliyev (1965–1970), Faiq Bağırzadə (1970–1987), Yəhya Məmmədov (1987–1989), Cəmil Quliyev (1989–1990) və Mirabbas Qasımov (1990–1992) olublar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universitetin rektorları Firudin Səməndərov (1992–1993), Murtuz Ələsgərov (1993–1996) və Misir Mərdanov (1996–1998) olublar. 1998–1999-cu illərdə rektor səlahiyyətlərini müvəqqəti olaraq Əli Əhmədov icra edib.
1999-cu il yanvarın 11-də Abel Məhərrəmov BDU-nun rektoru təyin edilib. O, 2018-ci ilədək, təxminən 19 il universitetə rəhbərlik edib. 2019-cu ilin martında isə Elçin Babayev rektor təyin olunub və 2026-cı ilədək bu vəzifədə çalışıb.
Məleykə Abbaszadə kimdir?
1953-cü ildə Bakıda anadan olan Məleykə Abbaszadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. Elmi fəaliyyətini davam etdirərək 1988-ci ildə Kiyevdə namizədlik dissertasiyası müdafiə edib.
O, 2000–2016-cı illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, 2016–2024-cü illərdə Dövlət İmtahan Mərkəzinə, 2024-cü ildən isə DİM-in İdarə Heyətinə rəhbərlik edib.
Məleykə Abbaszadə təhsil və qiymətləndirmə sahəsində uzunmüddətli fəaliyyətinə görə dövlət təltiflərinə layiq görülüb.
Onun BDU-ya rəhbər təyin edilməsi universitetin tarixində təkcə rəhbər dəyişikliyi deyil, həm də ilk qadının bu vəzifəyə gəlməsi baxımından əlamətdar hadisədir.\modern.az\


