Son dəqiqə

Okeanın o tayından Bakıya hücumun şifrələri

Cəmiyyət

ABŞ-da ittiham kampaniyası başlayıb; Azərbaycan əleyhinə yeni gündəm təkcə keçmiş münaqişə ilə bağlı deyil, həm də…

ABŞ Konqresində Azərbaycana qarşı növbəti ittiham kampaniyası başlayıb. Noyabrın 18-də Nümayəndələr Palatasının Tom Lantos İnsan Hüquqları Komissiyasında keçirilən dinləmələrdə Azərbaycan və Türkiyə hədəfə alınıb. Tədbirdə çıxış edənlər Bakı və Ankaranı ermənilərə qarşı təzyiqlərdə, dini icmaların sıxışdırılmasında və Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaqda ittiham ediblər.

Dinləmələrə respublikaçı konqresmen Kris Smit və demokrat Ceyms Makqovern həmsədrlik ediblər. “Christian Solidarity International” təşkilatının prezidenti Con Aybner çıxışında Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” prinsipinə əsaslanan əməkdaşlığını xristian icmaları üçün təhlükə kimi təqdim edib.

Okeanın o tayından Bakıya hücumun şifrələriDinləmələrdə Azərbaycanla yanaşı, Türkiyə də hədəfə alınıb. Aybner Türkiyədə xristian icmalarının sayının azalmasını ölkənin siyasi və ideoloji xətti ilə əlaqələndirib. O, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının Türkiyənin xüsusi nəzarət siyahısına salınması barədə tövsiyəsini xatırladıb. Kris Smit isə Türkiyənin dini azadlıqları pozan ölkələr siyahısına daxil edilməsini və Ankaraya qarşı sanksiyaların tətbiqini istəyib. O, Türkiyənin “F-35” qırıcılarını əldə etməsi ehtimalını da tənqid edib.

Dinləmələrin sonunda Aybner ABŞ administrasiyasını Azərbaycan və Türkiyəyə münasibətdə siyasətini dəyişməyə çağırıb. O, bu ölkələrə silah satışının, maliyyə yardımının və diplomatik dəstəyin dayandırılmasını istəyib. Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hambaryan Vaşinqtonu hər iki ölkəyə qarşı təzyiq mexanizmlərindən istifadə etməyə çağırıb.

Göründüyü kimi, məsələ artıq yalnız Qarabağ və erməni əhalisinin hüquqları ilə məhdudlaşmır. Erməni lobbisi ABŞ Konqresində Azərbaycan-Türkiyə münasibətlərini, hərbi əməkdaşlığı, regional nəqliyyat layihələrini və Ermənistanla sülh prosesini də müzakirə predmetinə çevirməyə çalışır.

Azərbaycan diplomatiyası üçün əsas məsələ bu cür ittihamlara faktlarla cavab vermək, işğalın nəticələrini, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını, Qarabağda bərpa işlərini və sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Çünki Vaşinqtonda Azərbaycan əleyhinə formalaşdırılmağa çalışılan gündəm yalnız keçmiş münaqişə ilə deyil, Cənubi Qafqazın gələcək geosiyasi düzəni ilə də bağlıdır.

Elşad Musayev də prezidentliyə namizədliyini verir

Cagdas.az-ın məlumatına görə, deputat Elşad Musayev “Yeni Müsavat”a bildirib ki, bu, ABŞ Konqresinin qəbul etdiyi qərar deyil, insan hüquqları üzrə komissiyada keçirilən dinləmədir. Onun sözlərinə görə, burada təəccüblü hal yoxdur, ABŞ-də erməni diasporunun siyasi təsir imkanları, uzun illər ərzində qurulmuş əlaqələri və Konqresdə tərəfdarları var: “Ermənistanın xristian ölkəsi olması ABŞ-dəki bəzi dini və mühafizəkar siyasi dairələr üçün əhəmiyyətlidir. Son dinləmədə də məsələ məhz xristianların təqibi kontekstində təqdim edilib. Yəni Qarabağ məsələsi yalnız ərazi münaqişəsi kimi deyil, dini və insan hüquqları məsələsi kimi gündəmə gətirilir. Bu da qərəzli bir yanaşmadır. Ermənilərə qarşı heç bir təqib olmayıb. Azərbaycan onlara digər vətəndaşlar kimi hüquqlar verməyə hazır idi. O bizim günahımız deyil ki, getmək qərarı verdilər. İndi də bu könüllü köç faktından əleyhimizə kampaniya şəklində istifadə edirlər. Artıq 3 ildir ki, müxtəlif müzakirələr təşkil olunur. Yəqin ki, hələ bir müddət də davam edəcək”.

Elşad Musayev güman edir ki, burada məqsəd Azərbaycanın keçirdiyi antiterror əməliyyatını fərqli təqdim etmək və ermənilərin öz xoşu ilə gedişini “etnik təmizləmə” kimi dünyaya qəbul etdirməkdir: “Ayrı-ayrı konqresmenlər belə təkliflər irəli sürə bilər, lakin dinləmə özü sanksiya demək deyil. Ermənilərin üç ildir ki, canfəşanlığı həm də Azərbaycana cəzalar tətbiq olunmasına hesablanıb. Lakin bölgədə sülh prosesi inkişaf edir. Eyni zamanda TRİPP layihəsinə start verildi və Tramp liderləri təbrik etdi. Odur ki, bir ovuc erməni tərəfindən təşkil olunan aksiyalar, ələbaxımlı konqresmenlərin dinləmələri heç bir nəticə verməyəcək. Üstəlik, bu müzakirələr birtərəfli aparılır. Əslində Azərbaycandan da nümayəndə dəvət olunmalı və qarşı tərəfin mövqeyi dinlənilməlidir. Son tədbir isə dinləmə deyil, ittiham irəli sürmək platformasıdır. Bundan əlavə, Tom Lantos İnsan Hüquqları Komissiyası Konqresin insan hüquqları üzrə fəaliyyət göstərən komissiyasıdır. Onun dinləməsi Nümayəndələr Palatasının və ya Senatın qəbul etdiyi qanunla eyni hüquqi qüvvəyə malik deyil. O baxımdan, Azərbaycan lobbi və diasporu öz gücünü artırmalı, ABŞ mətbuatında çıxışları artırmalıyıq. Digər tərəfdən, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqları eyni səviyyədə niyə müzakirə edilmir? Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 min azərbaycanlının taleyi diqqətdən kənarda qalır. Ermənistan ərazisindəki Azərbaycan mədəni və dini irsinin vəziyyəti dinləmələrdə lazımi yer tutmur. Bəs bunları müzakirə etmirlərsə, deməli, o konqresmenlərin danışmağa mənəvi haqqı yoxdur”.

Deputat yeni Konqres formalaşandan sonra Azərbaycana təzyiqlərin daha da artacağını gözləyir: “Demokratların seçkilərdə qələbəsi o deməkdir ki, erməni lobbisi bir qədər də fəallaşacaq. Təcrübə göstərir ki, demokratlar hər zaman Azərbaycana qarşı insan hüquqları adı ilə qərəzli şəkildə təzyiq göstəriblər. Amma Azərbaycan-ABŞ əlaqələrinin bugünkü vəziyyəti nəzərə alınmalıdır. İki ölkə arasında strateji tərəfdaşlıq xartiyası imzalanıb və əməkdaşlıq inkişaf etməkdədir. Buna kölgə salmaq cəhdləri yalnız münasibətləri pisləşdirməyə gətirib çıxara bilər. Bu isə Vaşinqton üçün nəinki Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyaya çıxış xəttində geostrateji təsir imkanlarının tamamilə itirilməsi riski yaradır. Demokratların anti-Azərbaycan mövqeyi Vaşinqtonun milli maraqları ilə ziddiyyət təşkil edir”.