Son dəqiqə

102-yə müraciətlərin banklara ötürülməsi avtomatlaşdırılacaq

Cəmiyyət

Azərbaycan Mərkəzi Bankı (AMB) Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə edilən müraciətlərin banklara ötürülməsini avtomatlaşdıracaq.

Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı

Cagdas.az  Report-a istinadla xəbər verir ki, bunu AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum, Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında işçi qrupu fəaliyyət göstərir: “Bu istiqamətdə ilin sonuna qədər məlumat mübadiləsi prosesinin müəyyən qədər avtomatlaşdırılmasını və təkmilləşdirilməsini planlaşdırırıq. Hazırda vətəndaşların 102-yə etdiyi müraciətlər bizə və banklara yarımmanual, yarıavtomatik formada ötürülür. Bu prosesi tam avtomatlaşdırmaq istəyirik. Bu, məlumatların seqreqasiyası, hesabatların qarşılıqlı yoxlanılması (kross-çek) və digər məsələlər baxımından işimizi xeyli asanlaşdıracaq”.

Bundan başqa, AMB rəsmisi deyib ki, qurum antifrod platformasını 2030-cu ilə qədər istifadəyə verməyi planlaşdırır: “Bizim üçillik strategiya planlarımızda mərkəzləşdirilmiş antifrod platforması yaradılması əsas istiqamətlərdən biridir.

Bu istiqamətdə Avropa, Şərqi Avropa, Mərkəzi Asiya və digər regionların inkişaf etmiş ölkələrinin təcrübələri öyrənilir. Müxtəlif xarici təşkilatlarla danışıqlar aparır, görüşlər keçirir və təcrübə mübadiləsi edirik. Planlaşdırılır ki, 2030-cu ilə qədər bu platforma tam işlək vəziyyətə gətirilsin”.

“Platformanın əsas məqsədi banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də AMB arasında məlumat mübadiləsini təmin etməklə yanaşı, kross-monitorinq, risklərin ölçülməsi, risk skorinqi və digər mexanizmləri də əhatə etməkdir. Eyni zamanda, müştərilərlə bağlı dələduzluq halları üzrə birgə tədbirlərin elektronlaşdırılması da nəzərdə tutulur.

Bu, məlumatların daha şəffaf olmasına və görülən tədbirlərin effektivliyinin artırılmasına imkan verəcək. Bu, artıq bir çox ölkədə tətbiq olunan və özünü doğrultmuş praktikadır”, – deyə E.Cuvarov əlavə edib.