Son dəqiqə

“Huawei” qalmaqalında yeni mərhələ: Məhkəmə qərarı açıqlandı

Texnologiya

Çinin texnologiya nəhəngi “Huawei” ABŞ-da uzun müddətdir davam edən məhkəmə prosesində ticarət sirlərinin oğurlanması və bank fırıldaqçılığı üzrə təqsirli, lakin mütəşəkkil cinayətkar təşkilat (racketeering/RICO) ittihamı üzrə təqsirsiz elan edilib.

Çağdaş.Az xəbər verir ki, iki ay davam edən məhkəmə prosesində ABŞ prokurorluğu “Huawei”ni rəqabət üstünlüyü əldə etmək üçün yalan danışmaqda, fırıldaqçılıqda və ticarət sirlərini mənimsəməkdə ittiham edib.

Şirkətin müdafiə tərəfi isə prokurorluğun əvvəlcədən “Huawei”ni cinayətkar təşkilat kimi təqdim etməyə çalışdığını, şirkətin uğurunun isə yalnız innovasiya və texnoloji inkişaf hesabına əldə olunduğunu bildirib.

Bruklin məhkəməsinin andlılar heyəti “Huawei”ni 12 ittihamdan 10-u üzrə təqsirli hesab edib.

Bu ittihamlar arasında ABŞ sanksiyalarının pozulmasına yönəlmiş sövdələşmə, bank fırıldaqçılığı və ticarət sirlərinin oğurlanması da yer alıb.

Lakin məhkəmə şirkəti RICO qanunu çərçivəsində mütəşəkkil cinayətkar təşkilat kimi fəaliyyət göstərmək ittihamı üzrə təqsirli hesab etməyib.

Məhkəmə qərarından sonra “Huawei” bəyanat yayaraq RICO ittihamı üzrə bəraət almasını müsbət qiymətləndirib.

Şirkət bildirib ki, bu qərar həmin ittihamların faktlara əsaslanmadığını təsdiqləyir və hüquq və maraqlarını qorumaq üçün bütün zəruri hüquqi addımları atacaq.

ABŞ Federal Prokurorluğu “Huawei”yə qarşı ittihamları ilk dəfə 2019-cu ildə irəli sürmüşdü.

Bu proses 2018-ci ilin sonunda şirkətin maliyyə direktoru Men Vanjounun Kanadada saxlanılması ilə daha da diqqət mərkəzinə düşmüşdü.

Men Vanjou üç il Kanadada ev dustaqlığında qaldıqdan sonra ABŞ prokurorluğu ilə əldə olunan razılaşma əsasında Çinə qayıtmışdı.

Şirkətin vəkilləri məhkəmənin RICO ittihamını rədd etməsini mühüm qərar adlandırıblar.

Onlar digər ittihamlarla bağlı qərardan narazı olduqlarını bildirərək hökm elan edildikdən sonra apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Məhkəmənin yekun hökmünün 2027-ci ilin sentyabrında elan olunacağı gözlənilir.