Son dəqiqə

Misir Mərdanov Məleykə Abbaszadəyə tabe olacaq – Bir-birlərini ittiham edirdilər

Cəmiyyət

Keçmiş təhsil naziri Misir Mərdanov bundan sonra Məleykə Abbaszadənin tabeliyində işləyəcək.

Cagdas.az xəbər verir ki, bu, Məleykə Abbaszadənin noyabrın 19-da və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsindən sonra baş verib.

Məsələ burasındadır ki, eks-nazir, professor Misir Mərdanov hazırda BDU-nin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Fizika-riyaziyyat elmləri doktoru M.Mərdanov 1997-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri işləyuib.

Qeyd edək ki, Misir Mərdanovla Məleykə Abbaszadə arasında münasibətlər əvvəllər heç də yaxşı olmayıb. Xüsusilə 2011–2012-ci illərdə tərəflər arasında qarşılıqlı ittihamlar açıq şəkildə mətbuat orqanlarına da çıxmışdı. Söhbət o vaxtkı Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında yaşanan münaqişədən gedir.

Məleykə Abbaszadə ilə Misir Mərdanovun qarşıdurması əsasən məktəblərdə təhsilin keyfiyyəti, dərsliklərdəki səhvlər, qəbul imtahanlarının nəticələri və təhsil sisteminin idarə olunması ətrafında idi. Amma söhbət həm də təhsil sistemində səlahiyyət və nüfuz uğrunda mübarizədən gedirdi.

M.Abbaszadə hesab edirdi ki, məktəblərdə tədrisin keyfiyyəti aşağıdır və bu, qəbul imtahanlarının nəticələrində özünü göstərir. M.Mərdanov isə enunla razılaşmırdı. Təhsil Nazirliyinin tənqidlərə etiraz etməsi tərəflər arasında mübahisəni dərinləşdirirdi.

TQDK ali məktəblərə qəbul prosesini, sonradan isə orta məktəblərdə buraxılış imtahanlarını da həyata keçirirdi. Təhsil Nazirliyi isə ümumi təhsil sisteminə rəhbərlik edirdi. Bu iki qurumun fəaliyyət sahələri bir-birinə toxunduğundan fikir ayrılıqları daha da dərinləşmişdi.

Bir neçə il öncə bir-birini ittiham edən Məleykə Abbaszadə ilə Misir Mərdanovun indi necə yola gedəcəkləri maraq doğurur.\modern.az\