Qlobal gərginliyin artdığı bir dövrdə Şimali Koreya lideri Kim Çen İn diqqətçəkən açıqlama ilə çıxış edib. O, nüvə sınaqlarının “sülh məqsədli” olduğunu iddia etsə də, ABŞ-a sərt mesaj göndərib.
Çağdaş.Az-ın məlumatına görə, Kim bildirib ki, ölkəsi heç kimə qarşı təhdid yaratmır:
“Biz heç kimə meydan oxumuruq. Amma Şimali Koreyanı Venezuela kimi işğal edə biləcəyinizi düşünürsünüzsə, bilin ki, odla oynayırsınız.”
Şimali Koreya rəhbərliyi uzun müddətdir nüvə proqramını “müdafiə və çəkindirmə” vasitəsi kimi təqdim edir. Kim Çen İn son açıqlamasında bu mövqeni təkrarlayaraq bildirib ki, nüvə fəaliyyətləri ölkənin təhlükəsizliyi üçün vacibdir.
Ekspertlərin fikrincə, Pxenyan nüvə silahlarını rejimin mövcudluğunun əsas təminatı hesab edir. ABŞ-ın digər ölkələrə müdaxiləsi isə bu düşüncəni daha da gücləndirir.
Kim-in açıqlamasında Venesuela ilə bağlı vurğu xüsusi diqqət çəkib. ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi və prezident Nicolas Maduronun ələ keçirilməsi Pxenyan tərəfindən suverenliyə açıq müdaxilə kimi qiymətləndirilib.
Analitiklər bildirir ki, bu hadisə Şimali Koreyada “rejim dəyişdirilməsi” qorxusunu artırıb və Kim Çen İnin nüvə silahlarına daha çox önəm verməsinə səbəb olub.
Son dövrlərdə Şimali Koreya raket və nüvə proqramını sürətlə inkişaf etdirir. Kim Çenin bu açıqlaması da hərbi kursun davam edəcəyini göstərir.
Mütəxəssislər hesab edir ki, bu cür sərt bəyanatlar ABŞ ilə Şimali Koreya arasında gərginliyi daha da artıraraq diplomatik həll imkanlarını çətinləşdirə bilər.


