ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, o, Milli Qvardiya əsgərlərindən ikisinin vəziyyəti barədə tibbi hesabatları gözləyir.
Baş prokuror Pam Bondi bildirib ki, yaralı Milli Qvardiya əsgərləri sağ qalmasa, ABŞ Ədliyyə Nazirliyi Ağ Ev yaxınlığında atəş açan şəxs üçün ölüm cəzası tələb edəcək.
Cagdas.az bildirir ki, Bondi “Onlar həyatları üçün mübarizə aparırlar. Əgər bir şey olarsa, mən sizə əvvəlcədən deyə bilərəm ki, bu canavarın ölüm cəzası alması üçün əlimizdən gələni edəcəyik”, – deyə Fox News-a müsahibəsində deyib.
ABŞ Ədliyyə Departamentinin rəhbəri əlavə edib ki, onun departamenti iki yaralı Milli Qvardiya əsgərinin vəziyyəti ilə bağlı həkimlərdən proqnoz gözləyir. “Biz onların sağalması üçün dua edirik, amma ən pis ssenaridə atəş açan şəxs terrorçuluq ittihamları ilə ömürlük həbs cəzasına məhkum oluna bilər”, – deyə o əlavə edib.
Noyabrın 26-sı günorta saatlarında naməlum silahlı şəxs Vaşinqton şəhərinin mərkəzində, Admiral Devid Farraqut parkının yaxınlığında Milli Qvardiyanın əsgərlərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300 metr aralıdadır.
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiya əsgərlərinin vəziyyətinin ağır olduğunu bildirib. Daha sonra Qərbi Virciniya qubernatoru Patrick Morrisey bildirib ki, yaralanmış Milli Qvardiya üzvləri dünyasını dəyişib, lakin sonra əlavə edib ki, bu məlumatın dəqiqləşdirilməsinə ehtiyac var. Mətbuat konfransında Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel qurbanların sağ olduğunu və xəstəxanada olduğunu bildirib.
ABŞ-ın Daxili Təhlükəsizlik Katibi Kristi Noem bildirib ki, şübhəli 2021-ci ildə amerikalı qoşunların ölkədən çıxarılmasından sonra ABŞ-ın əfqan müttəfiqlərinin yenidən məskunlaşdırılması proqramı çərçivəsində ölkəyə gəlib..
















