Son dəqiqə

ABŞ İrana məxsus İHA`nı vurdu

Dünya

ABŞ ordusu Umman dənizində İran dronunu vurub.

Cagdas.az-ın məlumatına görə, ABŞ-a məxsus “Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İranın insansız hava vasitəsi (İHA) F-35C tipli döyüş təyyarəsi tərəfindən “özünü müdafiə” çərçivəsində vurulub. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bunun İran dronu olduğunu açıqlayıb.

CENTCOM sözçüsü Tim Hawkins bildirib ki, gəmidən havaya qalxan F-35C özünü qorumaq, gəmiyə və orada olan heyətə təhlükənin qarşısını almaq üçün dronu məhv edib. O qeyd edib ki, İHA gəmiyə qarşı lazımsız manevr edib və hadisə beynəlxalq sularda baş verib.

Fox News-a açıqlama verən CENTCOM rəsmiləri də vurulan dronun İranın Shahed-139 modelinə aid olduğunu və əməliyyatın “məqbul müdafiə” prinsipi çərçivəsində həyata keçirildiyini təsdiqləyiblər.

Hələlik İran tərəfi bu hadisə ilə bağlı açıqlama verməyib. ABŞ rəsmiləri, gəmilərin təhlükəsizliyini təmin etmək və gərginliyin artmaması üçün lazımi tədbirləri gördüklərini də vurğulayıb.