ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də İranda baş verən kütləvi etirazlar fonunda bu ölkəyə hərbi zərbə endirmək niyyətində olub. Lakin o, son anda qərarını dəyişib.
Cagdas.az bildirir ki, bu barədə The Wall Street Journal (WSJ) Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp çərşənbə axşamı axşam saatlarında İrana hücum əmri verməyə meylli olub və Pentaqona zərbəyə hazırlaşmaq göstərişi verib.
Lakin WSJ-nin məlumatına əsasən, prezidentin müşavirləri onu bu addımdan çəkindiriblər. Onlar qısa müddətli hava zərbələrinin İran hakimiyyətini devirməyə zəmanət vermədiyini bildiriblər. Nəticədə Tramp hərbi əməliyyatdan imtina edib.
ABŞ Prezidenti yanvarın 16-da açıqlamasında İrana qarşı hava zərbələrinin endirilməməsi qərarını kənar təzyiq olmadan, şəxsən özü verdiyini bildirib. Daha sonra Ağ Ev rəhbəri İran hakimiyyətinin saxlanılan etirazçılara qarşı planlaşdırılan 800 edam hökmünü ləğv etməsinə “dərin hörmət”lə yanaşdığını qeyd edib.
NBC telekanalı yanvarın 15-də Trampın İrana qarşı qısa və həlledici hərbi əməliyyat variantını nəzərdən keçirdiyini yazmışdı. Bildirilirdi ki, mümkün əməliyyatın sürətli şəkildə həyata keçirilməsi və uzunmüddətli münaqişəyə çevrilməməsi planlaşdırılırdı. Sonradan zərbənin təxirə salındığı məlum olub.
The New York Times qəzetinin mənbələrinə görə, bu qərara İsrailin Baş naziri Benyamin Netanyahunun mövqeyi də təsir göstərə bilərdi.
Financial Times isə yanvarın 16-da ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin azaldılması məqsədilə təmasların baş verdiyini yazıb. Bildirilib ki, nəticədə regionda gərginlik xeyli səngiyib.


