ABŞ Prezidenti Donald Tramp fevral ayının ilk həftəsində Kolumbiya Prezidenti Qustavo Petronu Ağ Evdə qəbul edəcəyini açıqlayıb.
Cagdas.az bildirir ki, Tramp “Truth Social” hesabında paylaşdığı açıqlamada Petro ilə keçirəcəyi görüşün müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib. O, fevralın əvvəlində baş tutacaq görüş zamanı Kolumbiya rəhbəri ilə bir sıra vacib məsələlərin müzakirə olunacağını qeyd edib.
ABŞ Prezidenti vurğulayıb ki, Kolumbiya kokain və digər narkotik maddələrin ABŞ ərazisinə daxil olmasının qarşısını almaq üçün daha ciddi addımlar atmalıdır.
Tramp yanvarın 7-də Petro ilə telefon danışığından sonra onların Ağ Evdə üz-üzə görüşəcəyini elan etmişdi. Kolumbiya Prezidenti Petro isə son açıqlamalarında ABŞ-nin ölkəsinə qarşı hərbi müdaxiləyə hazırlaşdığını iddia etmişdi.
Tramp Venesuelanın neft ehtiyatları ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. Onun sözlərinə görə, Venesuela dünyadakı ən böyük neft ehtiyatlarından birinə sahibdir:
“Dünən Venesuela bizə 30 milyon barel neft verdi. Bu, təxminən 4 milyard dollar dəyərində çox böyük həcmdir və hazırda ABŞ-yə doğru yoldadır. Bunlar dünyanın ən iri neft ehtiyatları sırasındadır. Bəziləri hətta bunun dünyanın ən böyük ehtiyatı olduğunu deyir. Biz Venesuela ilə əməkdaşlıq edəcəyik və hansı neft şirkətlərinin orada fəaliyyət göstərəcəyinə biz qərar verəcəyik.”
Tramp əlavə edib ki, ABŞ şirkətləri Venesuelanın enerji infrastrukturunun yenidən qurulmasında və neft hasilatının artırılmasında mühüm rol oynaya bilər.
Ağ Evdə jurnalistlərin suallarını cavablanıran Tramp Venesuela ilə münasibətlərə də toxunub. O bildirib ki, hazırda Venesuela ABŞ üçün müttəfiq kimi görünür və bu statusun davam edəcəyini düşünür. Tramp Venesuelada Rusiyanın və ya Çinin təsirinin artmasını istəmədiklərini vurğulayıb. O, həmçinin Qrenlandiya ilə bağlı mövqeyini də təkrarlayaraq bildirib ki, ABŞ bu ərazidə Rusiya və ya Çinin mövcudluğuna imkan verməyəcək.
İranla bağlı vəziyyətə də toxunan Tramp ölkədə ciddi etiraz dalğasının baş qaldırdığını deyib. Onun sözlərinə görə, İran xalqı bəzi şəhərlərdə nəzarəti ələ almağa başlayıb və bu, bir müddət əvvəl mümkün görünmürdü. Tramp xəbərdarlıq edib ki, əgər İran hakimiyyəti əvvəlki kimi zorakılığa əl atarsa, ABŞ sərt şəkildə müdaxilə edəcək:
“Bu, mütləq şəkildə quru əməliyyatı demək deyil, lakin onları ən həssas nöqtələrindən çox sərt vurmaq anlamına gəlir.”
ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton həm kürd qüvvələri, həm də Suriya hökuməti ilə münasibətləri qoruyur. Tramp qeyd edib ki, tərəflər uzun illər düşmən olsalar da, ABŞ hər iki tərəflə yaxşı əlaqələr saxlayır və Suriyanın sabitliyində maraqlıdır. O, bölgədə müəyyən irəliləyişlərin olduğunu, lakin zorakılıq hallarının yenidən alovlandığını və bunun dayandırılmasını istədiklərini bildirib.


