Son dəqiqə

Ağ Evdə şok istefa: Trampın yaxın müşaviri istefa verdi

Dünya

Trampın yaxın iqtisadi müşaviri Stephen Miran Federal Ehtiyat Sistemində qalmaq üçün Ağ Evdəki vəzifəsindən istefa verib.

Cagdas.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın baş iqtisadçısı olmuş Stiven Miran Ağ Evdəki vəzifəsindən istefa verib. O, bundan sonra Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətində fəaliyyətini davam etdirəcək.

Miran sentyabr ayında mərkəzi bankda işə başladığı vaxtdan Ağ Evdəki vəzifəsindən ödənişsiz məzuniyyətdə idi. Onun FED-dəki rəsmi səlahiyyət müddəti yanvarın sonunda başa çatsa da, prezident həmin yerə yeni namizəd irəli sürənədək Miran vəzifəsini davam etdirə bilər.

Cagdas.Az-ın Politico-ya istinadən əldə etdiyi istefa məktubunda Miran bildirib ki, Senata verdiyi vədə sadiq qalmaq üçün Ağ Evdəki postundan rəsmən ayrılmaq qərarı verib:
“Şuradan ödənişsiz məzuniyyət götürərək Federal Ehtiyat Sisteminə gələndə Senata söz vermişdim ki, yanvardan sonra İdarə Heyətində qalacağım təqdirdə Şuradan rəsmi şəkildə ayrılacağam. Verdiyim sözə sadiq qalmağın vacib olduğuna inanıram.”

O, Ağ Evdə işləməyi “həyatının ən böyük şərəfi” adlandıraraq istefasını “ağır, amma qürurlu bir ürəklə” verdiyini qeyd edib.

Harvard Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsi almış Miran Tramp administrasiyasının ticarət siyasətinin əsas tərəfdarlarından biri kimi tanınıb.

Ağ Evin sözçüsü Kuş Desai isə Miranın fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, onun “parlaq ideyaları və prezidentin siyasətinə güclü dəstəyi Ağ Ev üçün böyük dəyər daşıyıb”.

Miranın istefası barədə ilk məlumatı “Barron’s” nəşri yayıb. Daha əvvəl POLITICO yazmışdı ki, Senatın Bank Komitəsindəki demokratlar səlahiyyət müddəti bitdiyi üçün Miranın FED-dən də istefa verməsini tələb ediblər.