Son dəqiqə

Aİ Ukrayna üzrə sülh planını pozur – Rusiya senatoru

Dünya

Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev bəyan edib ki, bəzi Avropa siyasətçiləri və Kiyev hakimiyyəti Ukrayna ilə bağlı sülh planının həyata keçirilməsinə maneələr yaradır və bu “minalar” zərərsizləşdirilməlidir. O, bu fikirləri TASS agentliyi üçün yazdığı məqalədə ifadə edib.

Cagdas.az-ın xəbərinə görə, Kosaçev vurğulayıb ki, əsas razılaşmalar uzun müddət tam asılı vəziyyətdə qalacaq Ukrayna rəhbərliyi ilə əldə edilməməlidir. Onun sözlərinə görə, mümkün seçkilərin nəticəsindən asılı olmayaraq, Kiyev hakimiyyəti müstəqil qərar qəbul etmir. Məhz buna görə də danışıqlar prosesində ABŞ-nin, xüsusilə də Tramp administrasiyasının fəal rolunun son dərəcə vacib olduğunu qeyd edib. Senator əlavə edib ki, Avropa ölkələri və Kiyev müxtəlif planlara bilərəkdən Rusiyanın qətiyyən qəbul etmədiyi müddəaları gizli şəkildə daxil edir və onları ikinci dərəcəli onlarla bəndin arxasında ört-basdır edirlər.

Kosaçevin fikrincə, Ukrayna rəhbərliyi Rusiyaya qarşı hərbi qələbə qazanmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirmir və buna görə də terror metodlarına əl atır. O bildirib ki, Kiyev üçün real nəticələrdən daha çox informasiya və media effekti önəmlidir. Bu isə klassik terrorçuların məntiqinə uyğundur: qorxu yaratmaq birbaşa zərər vurmaqdan daha vacib sayılır. Senatorun sözlərinə görə, bu yanaşma Ukrayna cəmiyyətində hərbi isterikanın və əsassız nikbinliyin saxlanmasına xidmət edir və Kiyev hakimiyyəti məhz bu ab-havaya arxalanır.

Nəticədə, Kosaçev qeyd edib ki, ölkə rəhbərliyi cəmiyyətdə süni şəkildə şişirdilmiş və reallıqdan uzaq gözləntilərin girovuna çevrilib.