Boşanmadan sonra uşağın saxlanılması üçün ödənilən alimentin istifadəsi bəzi hallarda valideynlər arasında fikir ayrılığına səbəb olur. Aliment ödəyən şəxs vəsaitin uşağın ehtiyaclarından kənar məqsədlərə sərf edildiyini hesab edərsə, bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər.
Cagdas.az xəbər verir ki, məhkəmə təqdim olunan sübutları və işin bütün hallarını araşdırdıqdan sonra alimentin müəyyən hissəsinin birbaşa uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarmaq səlahiyyətinə malikdir.
Bu cür işlərə baxılarkən bir neçə əsas prinsip nəzərə alınır:
Məhkəmə araşdırması: Aliment vəsaitinin təyinatı üzrə xərclənmədiyi iddiası yalnız sübutlar əsasında qiymətləndirilir.
Məbləğə dair məhdudiyyət: Qərara əsasən, alimentin ən çoxu 50 faizi uşağın bank hesabına köçürülə bilər.
Uşağın maraqları: Məhkəmə qərar qəbul edərkən ilk növbədə uşağın təhsil, sağlamlıq və digər zəruri ehtiyaclarının təmin olunmasını əsas götürür.
Qeyd edək ki, belə qərarlar avtomatik qaydada verilmir. Hər müraciət ayrıca araşdırılır və yekun qərar konkret işin xüsusiyyətləri, təqdim olunan sübutlar və uşağın mənafeyi nəzərə alınmaqla qəbul edilir. (milli.az)
















