Astronomlar Yerə bənzər xüsusiyyətlərə malik yeni bir göy cismi aşkar ediblər. Ölçüsünə görə Yerə çox yaxın olan bu göy cismi öz ulduzu ətrafında dövrəni 355 günə tamamlayır və onun ulduzun “yaşanabilən zona”sında yerləşmə ehtimalı 50 faiz qiymətləndirilir.
Cagdas.az xəbər verir ki, Avstraliya, Böyük Britaniya, ABŞ və Danimarkadan olan alimlərin birgə apardığı araşdırma zamanı kəşf edilən bu yeni göy cisminin bir sıra xüsusiyyətlərinin Yerə oxşarlıq göstərdiyi diqqət çəkib.
Tədqiqat qrupu NASA-nın Kepler Kosmik Teleskopunun 2017-ci ildə həyata keçirdiyi K2 missiyası çərçivəsində toplanmış məlumatları təhlil edərək “HD 137010 b” adlı planet namizədini müəyyən edib.
Alimlər bu cismin Günəşə bənzər bir ulduzun ətrafında döndüyünü və ölçüsünün Yerdən cəmi 6 faiz böyük olduğunu bildiriblər. Müşahidələrə əsasən, HD 137010 b öz orbitini 355 gün ərzində tamamlayır.
Araşdırmaçılar planetin dövr etdiyi ulduzun yaşanabilən zonada yerləşmə ehtimalının 50 faiz olduğunu vurğulayaraq, 146 işıq ili uzaqlıqda yerləşən bu göy cisminin teleskoplarla daha detallı müşahidə üçün kifayət qədər yaxın məsafədə olduğunu qeyd ediblər.
Səth temperaturu -70 dərəcəyədək enə bilər
Alimlər, planetin dövr etdiyi ulduzun Günəşlə müqayisədə daha soyuq və daha zəif işıq saçdığını müəyyən ediblər. Bu səbəbdən HD 137010 b-nin səth temperaturunun Marsa bənzər olduğu və mənfi 70 dərəcə selsiyə qədər enə biləcəyi ehtimal olunur.
Bununla belə, bu göy cisminin tam şəkildə öteplanet (ekzoplanet) kimi təsdiqlənməsi üçün əlavə müşahidə və məlumatlara ehtiyac olduğu bildirilib.
Araşdırmanın nəticələri nüfuzlu “Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub.


