Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiyaya qarşı müdafiəsini maliyyələşdirmək məqsədilə 90 milyard avroluq kredit ayrılması barədə razılığa gəlib. Bu barədə çərşənbə günü Kiprin Aİ Şurasındakı sədrliyi məlumat yayıb.
Cagdas.Az xəbər verir ki, Kipr Maliyyə naziri Makis Keravnosun sözlərinə görə, yeni maliyyələşmə Ukraynanın Rusiya təcavüzü fonunda möhkəmliyini qoruyub saxlamasına kömək edəcək. “Bu maliyyə Ukraynanın Rusiya təcavüzü qarşısında güclü müqavimət göstərməsini təmin edəcək”, – deyə nazir bildirib.
Kredit ayrılmasaydı, Ukrayna aprel ayına qədər maliyyə vəsaitini tükətmək riski ilə üz-üzə qala bilərdi. Bu isə ölkənin müharibə səyləri üçün fəlakətli nəticələr doğura və ABŞ-ın dəstəyilə Rusiya ilə aparılan sülh danışıqları çərçivəsində Kiyevin mövqelərini zəiflədə bilərdi.
Bununla belə, Aİ qurumları hələ də bəzi məsələlər üzrə razılıq əldə etməlidirlər. Xüsusilə, Ukraynanın vəsaiti hansı şərtlərlə alacağı və necə xərcləyəcəyi müəyyənləşdirilməlidir. Bu mərhələdən sonra Brüssel qlobal borc bazarlarında vəsait cəlb edərək, Aİ-nin yeddi illik büdcəsi ilə təmin olunan krediti maliyyələşdirəcək.
Aİ ölkələri arasında əsas mübahisə vəsaitin hansı məqsədlər üçün istifadə olunacağı və bundan kimlərin faydalanacağı ilə bağlı olub. Razılaşmaya əsasən, ayrılan məbləğin üçdə biri Ukraynanın cari büdcə xərclərinə, qalan hissəsi isə müdafiə məqsədlərinə yönəldiləcək.
Fransa Ukraynanın bu vəsaitin mümkün qədər böyük hissəsini Aİ-nin müdafiə şirkətlərindən silah alınmasına sərf etməsi üçün səylərə rəhbərlik edib. Bu mövqe, Aİ vergi ödəyicilərinin kredit üzrə faiz xərclərini hər il təxminən 3 milyard avro həcmində ödəməsi ilə əsaslandırılıb.
Bununla yanaşı, Almaniya, Niderland və Skandinaviya ölkələri Ukraynaya vəsaitin istifadəsində daha çox çeviklik verilməsini müdafiə ediblər.
Ukraynaya Aİ daxilində analoji məhsul olmadıqda və ya təcili ehtiyac yarandıqda ABŞ və Böyük Britaniya da daxil olmaqla üçüncü ölkələrdən əsas silah sistemlərini almağa icazə veriləcək. Eyni zamanda, Aİ ölkələrinin bu cür istisnalar üzərində nəzarəti gücləndiriləcək.
Aİ-dən kənar ölkələrdən alınmasına icazə verilən silahlar siyahısına hava və raketdən müdafiə sistemləri, qırıcı təyyarələr üçün sursatlar və dərin zərbə imkanları daxildir.
Əgər Böyük Britaniya və ya Aİ ilə təhlükəsizlik sazişi imzalamış, Ukraynaya dəstək göstərmiş Cənubi Koreya kimi digər ölkələr bu tədarük mexanizmlərində daha geniş iştirak etmək istəsələr, kredit üzrə faiz xərclərinin ödənilməsinə maliyyə töhfəsi verməli olacaqlar.
Sənəddə qeyd olunur ki, Aİ-yə üzv olmayan ölkələrin töhfələrinin həcmi onların müdafiə şirkətlərinin bu proqramdan əldə edə biləcəyi fayda ilə proporsional olacaq. Bu məsələlər Avropa Komissiyası ilə aparılacaq növbəti danışıqlarda dəqiqləşdiriləcək.
Kanada isə Aİ-nin silah tədarükünə yönəlmiş ayrıca 150 milyard avroluq SAFE kredit proqramında iştirak etdiyindən, Ukrayna ilə bağlı bu mexanizmdə əlavə ödəniş etməyəcək. Lakin Kiyev tərəfindən hansı məhsulların alına biləcəyi barədə məlumat təqdim etməlidir.
Növbəti addımlar
Razılaşma səfirlər səviyyəsində əldə edildikdən sonra, Avropa Parlamenti Şuranın hüquqi mətnə etdiyi dəyişiklikləri nəzərdən keçirməli və qərarı təsdiqləməlidir. Proses uğurla başa çatarsa, Ukrayna bu il Aİ-dən mərhələli şəkildə 45 milyard avro alacaq. Qalan vəsait isə 2027-ci ildə ödəniləcək.
Ukrayna krediti yalnız Rusiyanın genişmiqyaslı işğalı dayandırması və müharibə təzminatı ödəməsi halında geri qaytaracaq. Əgər Moskva bunu etməzsə, Aİ Kremlə məxsus və İttifaq ölkələrinin maliyyə institutlarında dondurulmuş aktivlərdən istifadə imkanını nəzərdən keçirəcək.
Qeyd olunur ki, bu kredit Ukrayna ordusunun mübarizəni davam etdirməsinə imkan versə də, Kiyevin bütün maliyyə ehtiyaclarını tam qarşılamır. Hətta Beynəlxalq Valyuta Fondundan gözlənilən əlavə 8 milyard dollarlıq kreditlə belə, maliyyə boşluğu tam bağlanmayacaq.


