ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı sərt bəyanatları və ittifaqa dair təzyiqləri Avropada ciddi narahatlıq yaradıb. Bu vəziyyət fonunda Avropa İttifaqı ABŞ-ın təhlükəsizlik rolunun zəiflədiyi bir ssenarini müzakirə etməyə başlayıb.
Çağdaş.Az xəbər verir ki, məlumatlara görə, ABŞ və Israilin İrana qarşı əməliyyatları NATO daxilində də gərginliyi artırıb. Trampın Hörmüz boğazı ilə bağlı Avropadan daha aktiv mövqe tələb etməsi isə Brüssel tərəfindən tam dəstək görməyib.
Fransa mərkəzli “Radio France Internationale” (RFI) yazır ki, bu mərhələdə Türkiyə Avropanın əsas təhlükəsizlik tərəfdaşlarından biri kimi ön plana çıxır.
Məqalədə qeyd olunur ki, ABŞ Avropa təhlükəsizliyindən nə qədər uzaqlaşarsa, Türkiyənin rolu bir o qədər artır. Bu tendensiyanın NATO-nun gələcək strukturunu dəyişə biləcəyi bildirilir.
Avropa mediası Türkiyənin artan hərbi imkanlarına və əməliyyat təcrübəsinə diqqət çəkərək, Brüsselin müdafiə sahəsində Ankaraya daha çox ehtiyac duyacağını vurğulayır.
Yazıda Türkiyənin Qaradəniz və dəniz təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, o cümlədən mina təmizləmə və dəniz əməliyyatları qabiliyyətləri qeyd olunur. Həmçinin Türkiyənin müasir sualtı qayıq proqramı ilə regional gücünü artırdığı bildirilir.
Bundan əlavə, Türkiyənin Rusiya ilə münasibətlərinin ona diplomatik üstünlük qazandırdığı və Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu gücləndirə biləcəyi vurğulanır.
Məqalədə xatırladılır ki, Ankara bundan əvvəl də bir neçə dəfə tərəflər arasında sülh danışıqlarına ev sahibliyi edib və bu təcrübə gələcəkdə də Türkiyənin regional diplomatik rolunu gücləndirə bilər.
















