İkinci əl avtomobil bazarında kilometrajın azaldılması, qəzaların gizlədilməsi və texniki nasazlıqların alıcıdan gizlədilməsi geniş yayılıb.
Cagdas.az xəbər veriri ki Nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, bazarda ən çox rast gəlinən hallardan biri avtomobillərin kilometraj göstəricisinin süni şəkildə azaldılmasıdır.
Onun sözlərinə görə, bununla yanaşı, ağır yol-nəqliyyat hadisəsi keçirmiş avtomobillərin təmir edilərək qəzalı tarixçəsinin gizlədilməsi, hava yastıqlarının açılmasına baxmayaraq bərpa olunmadan satışa çıxarılması, mühərrik və sürətlər qutusu kimi əsas aqreqatlarda aparılmış dəyişikliklərin alıcıya bildirilməməsi də geniş yayılıb:
“Bəzi avtomobillərin taksi və ya kommersiya məqsədilə intensiv istifadə olunması, servis tarixçəsinin saxtalaşdırılması və xüsusilə xaricdən gətirilən avtomobillərdə real istismar tarixçəsinin müəyyən edilməsinin çətin olması alıcılar üçün ciddi maliyyə riskləri yaradır. Bu hallar bazarda etimadı azaldır və avtomobilin real dəyərinin düzgün qiymətləndirilməsinə mane olur.
Avtomobillərin rəqəmsal pasportlaşdırılması sistemi düzgün qurularsa, bu problemlərin böyük hissəsini aradan qaldırmaq mümkün olacaq.”
A.Nəbiyevin sözlərinə görə, texniki baxışlar, rəsmi servis məlumatları, sığorta hadisələri, kilometraj göstəriciləri və mülkiyyət dəyişiklikləri vahid elektron bazada ardıcıl şəkildə qeydə alınarsa, sonradan bu məlumatların dəyişdirilməsi və ya gizlədilməsi xeyli çətinləşəcək:
“Nəticədə kilometrajın saxtalaşdırılması, ağır qəzaların gizlədilməsi, hava yastıqlarının bərpa olunmadan satılması və digər manipulyasiyalar minimuma enəcək. Bu isə həm alıcıların hüquqlarının qorunmasına, həm də ikinci əl avtomobil bazarında şəffaflığın və etimadın artmasına xidmət edəcək.”
Ekspert vurğulayıb ki, rəqəmsal pasportun effektiv işləməsi üçün sistemdə avtomobilin istehsal ili, VIN nömrəsi, mülkiyyət tarixçəsi, hər texniki baxış zamanı qeydə alınan kilometraj göstəriciləri, rəsmi servis və təmir tarixçəsi, dəyişdirilmiş əsas aqreqatlar, yol-nəqliyyat hadisələri və sığorta ödənişləri, hava yastıqlarının açılması və bərpası, təhlükəsizlik sistemlərinə müdaxilələr, geri çağırma kampaniyaları, texniki baxış nəticələri və utilizasiya statusu əks olunmalıdır.
Onun fikrincə, məlumatların yalnız dövlət qurumları deyil, akkreditə olunmuş servis mərkəzləri, sığorta şirkətləri, texniki baxış məntəqələri və rəsmi idxalçılar tərəfindən də real vaxt rejimində sistemə daxil edilməsi rəqəmsal pasportun etibarlılığını təmin edəcək./Ajans.az/
















