Azərbaycanda rəqəmsallaşma sahəsində əldə olunan göstəricilər ölkənin bu istiqamətdə yeni mərhələyə keçdiyini göstərir. Son illərdə internetə çıxış imkanlarının genişlənməsi və rəqəmsal xidmətlərin artması bu sahədə əsas nailiyyətlərdən hesab olunur.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirədə deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşmanın ilk mərhələsi uğurla başa çatıb.
“Əhalinin 88 faizi internet istifadəçisidir, ölkə 90 faiz genişzolaqlı internet şəbəkəsi ilə əhatə olunub. Hazırda 800 minə yaxın şagird rəqəmsal bacarıqların formalaşdırılması proqramları ilə əhatə edilir, xeyli sayda elektron xidmət fəaliyyət göstərir. Milli Məclisdə də demək olar ki, bütün proseslər elektronlaşıb”.
Deputat bildirib ki, növbəti mərhələdə əsas məqsəd elektron xidmətlərin sayını artırmaq deyil, rəqəmsal texnologiyalar hesabına məhsuldarlığı yüksəltmək, dövlət investisiyalarının səmərəliliyini artırmaq və məlumatı strateji iqtisadi aktivə çevirməkdir.(modern.az)
















