Cagdas.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 23-də keçirilən iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün 2026-cı il 1 iyul tarixindən etibarən 20 il müddətinə gəlir və mənfəət vergisi üzrə 0 faiz dərəcəli güzəştli rejim, habelə həmin sahələrdə fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən ödənilən dividend gəlirləri üzrə müddətli azadolma nəzərdə tutulur:
“Eyni zamanda, startap şəhadətnaməsi üzrə güzəşt müddətinin 3 ildən 7 ilə artırılması innovativ sahibkarlıq subyektlərinin daha uzunmüddətli inkişaf dövrü üçün vergi yükünün azaldılmasına xidmət edir.
Bununla yanaşı, rəqəmsal məhsul və xidmətlərin ixracı üzrə vergi azadolmalarının tətbiqi əldə edilən gəlirlərin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına daxil olması şərti ilə əlaqələndirilir. Bu yanaşma güzəştin yalnız formal xarakter daşımamasını, ixrac gəlirlərinin ölkənin bank sisteminə, rəsmi iqtisadi dövriyyəyə və statistik uçota daxil olmasını təmin etməyə yönəlmişdir. Başqa sözlə, azadolma mexanizmi yalnız xarici bazara xidmət göstərilməsini deyil, həmin xidmətlərdən əldə edilən gəlirin ölkə iqtisadiyyatına qaytarılmasını da stimullaşdırır.
Layihədə tədqiqat və inkişaf xərclərinin stimullaşdırılması ayrıca mühüm istiqamət kimi müəyyən edilir. İnnovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə startap şəhadətnaməsi almış şəxslərə, texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərclərinin 2,5 əmsalı tətbiq edilməklə, yəni faktiki xərcin 250 faizi miqdarında vergitutulan gəlirdən və ya mənfəətdən çıxılması nəzərdə tutulur. Bu mexanizm yeni proqram təminatlarının, süni intellekt əsaslı həllərin, kibertəhlükəsizlik məhsullarının, innovasiya məhsulların və texnoloji həllərin ölkə daxilində yaradılmasını təşviq edəcək.(ölkə.az)
















