Son dəqiqə
Bəzi hərbi qulluqçuların məzuniyyət və müalicə ödənişləri dəyişir Bakıda sərçələr niyə əvvəlki kimi görünmür? İşə qayıdanlara pensiya əlavəsi azaldıla və ya dayandırıla bilər Hər sahibkara «pitch deck» lazım deyil: Asiyada işin gələcəyinin gözdən qaçan orta halqası 2100-cü ilədək yaşayacaq uşaqlar artıq doğulur – Azərbaycanda gözlənilən ömür Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır Qırğızıstanda Azərbaycan dilinin tədrisinə başlanılır – GÖRÜNTÜ Hərbçilərin maaşına dair minimum hədd qanundan çıxarılır Dövlət qulluqçularının pensiyası maaşa bağlı olmayacaq Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Reklam
Reklam

Bakıda sərçələr niyə əvvəlki kimi görünmür?

Cəmiyyət

Bir vaxtlar Bakının küçələrində, həyətlərində və parklarında demək olar ki, hər addımda rast gəlinən sərçələr indi əvvəlki qədər görünmür. Şəhərin müxtəlif ərazilərində digər quş növlərinin sayının artması fonunda dam sərçələrinin daha az nəzərə çarpması diqqət çəkir.

Bəs Bakıda sərçələrin sayı həqiqətən azalırmı? Buna səbəb nədir?

Cagdas.az məsələ ilə bağlı Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, əvvəllər Bakıda quşların böyük əksəriyyətini dam sərçələri təşkil edib:

“Vaxt olub ki, Bakıda dam sərçəsi 98 faiz idi. Yəni demək olar ki, bu quşdan başqa Bakıda heç bir quş yox idi. İndi isə Bakıda onlarla cürbəcür quşlar var. Hətta tutuquşu var, yaşılca var, meşə quşları var, arı quşlarının bir neçə növü və sair. Demək olar, hər həyətdə qara qaratoyuq var. İki növ qurğur da var”.

E.Sultanov qeyd edib ki, vaxtilə Bakıda şəhər göyərçinlərinə də demək olar ki, rast gəlinmirdi. Onun sözlərinə görə, bütün şəhərdə cəmi bir yerdə – Malakan bağında göyərçinlər üçün kiçik evcik yaradılmışdı və burada bir neçə cüt yaşayırdı.

“Başqa heç yerdə Bakıda göyərçin yox idi. İndi isə göyərçinin əlindən tərpənmək olmur. Qara qaratoyuq hər həyətdədir. Harada ağaclıq varsa, tutuquşu, cürbəcür meşə quşları var. Təbii ki, bu fonda artıq sərçə az görünür”, – deyə ornitoloq bildirib.

Onun sözlərinə görə, sərçələrin şəhərdə əvvəlki qədər nəzərə çarpmamasının əsas səbəblərindən biri digər quş növləri ilə rəqabətdir.

“Başqa növlər olmayanda, təkcə sərçə yaşayanda sərçə də yaşayırdı. Çünki sərçə üçün ağacın olması vacib deyil. Sərçə dərmə-deşiklərdə, binaların çatlarında yuvalayır. Amma indi çoxlu ağac əmələ gəlib, bu ağaclarda yaşayan quşlar gəlib. Sərçə və bu quşların çoxu da ərzağa, yemə, qida mənbəyinə görə rəqabət aparırlar. Çünki balalarını eyni həşəratlarla yedizdirirlər”.

E.Sultanov bildirib ki, Bakıda sərçələrlə oxşar qida mənbələrindən istifadə edən və eyni yuvalama imkanlarından yararlanan digər quşlar da var.

“İndi ona, misal üçün, torpaqda qara qaratoyuq rəqabət göstərir. Budağa çıxanda yaşılca rəqabət göstərir, arı quşları da rəqabət aparır”.

Ornitoloq hesab edir ki, dam sərçələrinin sayının kəskin azalmasından danışmaq düzgün deyil. Onun fikrincə, əsas dəyişiklik digər quşların sayının artması ilə sərçələrin ümumi quşlar arasındakı nisbətinin aşağı düşməsidir.

“Mən deməzdim ki, sərçə birbaşa azalıb. Nisbətdə sərçənin faizi düşüb aşağı və təbii ki, ümumi say da rəqabətə görə. Çünki ekologiyada belə anlayış var – ekoloji niş. Bir çox ekoloji nişaları eyni olan quşlar əmələ gələndə növün ekoloji nişası azalır, balacalaşır. Çünki oxşar növlər çoxalır”.

E.Sultanov dam sərçələri ilə bağlı vəziyyəti “dəhşətli böhran” kimi qiymətləndirmədiyini də vurğulayıb:

“Əlbəttə, əvvəl biz quş görəndə ancaq dam sərçəsini görürdük. İndi cürbəcür quşları görürük və hərdən dam sərçəsini də görürük. Deyirik: ‘A, nə azdır’. Çünki qabaq ancaq onu görürdük, başqa quşları görmürdük axı”.\modern.az\