Azərbaycanda ödənilən sosial sığorta haqlarının fərdi pensiya hesabında qeydə alınan hissəsinin azaldılması təklif olunur.
Cagdas.az xəbər verir ki, bununla bağlı dəyişiklik Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə ediləcək.
Hazırda sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu vəsait gələcək pensiyanın sığorta hissəsinin hesablanmasında nəzərə alınır.
Layihəyə əsasən, həmin göstərici 85 faizə endiriləcək.
Bu o deməkdir ki, ödənilən hər 100 manat sosial sığorta haqqının hazırkı qaydada 90 manatı əvəzinə 85 manatı fərdi hesabın sığorta hissəsinə yazılacaq.
Həmçinin pensiya və digər sosial ödənişlər sisteminin idarəetmə xərclərinin yuxarı həddinin ödənilmiş sosial sığorta haqlarının 2,5 faizindən 3 faizinə qaldırılması təklif edilir.
Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.


