Son dəqiqə

Bayrağımızın 108 illik yolu – Naxçıvandan Şuşaya, Xankəndiyə

Cəmiyyət

Azərbaycanın üçrəngli dövlət bayrağı sadəcə dövlət rəmzi deyil, xalqımızın azadlıq mübarizəsinin, milli kimliyinin, müstəqillik arzusunun və tarixi yaddaşının təcəssümüdür. Onun hər rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin və müstəqillik ideallarının rəmzi kimi xüsusi məna daşıyır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayraq qısa müddət sonra sovet işğalı nəticəsində dövlət rəmzi statusunu itirsə də, xalqın yaddaşında yaşamaqda davam etdi. Uzun illər sonra onun yenidən dövlət bayrağı kimi bərpası Azərbaycanın müstəqilliyə doğru atdığı mühüm addımlardan birinə çevrildi.

Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü xüsusi yer tutur. Məhz onun rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verildi. Eyni zamanda, bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı.

Beləliklə, uzun illərdən sonra üçrəngli bayraq ilk dəfə Naxçıvanda yenidən rəsmi status qazandı. Bu qərar təkcə muxtar respublika üçün deyil, Azərbaycanın dövlət müstəqilliyinin bərpası və milli dövlətçilik ənənələrinin yenidən dirçəldilməsi baxımından da mühüm tarixi hadisə idi.

Üçrəngli bayrağın yaranması və ilk dəfə qəbul edilməsi

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı 1918-ci il noyabrın 9-da hökumətin iclasında qəbul edilib. Həmin bayraq mavi, qırmızı və yaşıl rənglərdən, qırmızı zolağın ortasında yerləşən ağ aypara və səkkizguşəli ulduzdan ibarət idi. Üçrəngli bayraq ilk dəfə Bakıda Nazirlər Şurasının yerləşdiyi binanın üzərində qaldırılıb.

Bayrağın rəngləri milli kimliyimizi və ideoloji dəyərlərimizi ifadə edirdi. Mavi rəng türk mənşəyini, qırmızı müasirliyi və demokratik inkişafı, yaşıl isə İslam sivilizasiyasına mənsubluğu simvolizə edirdi. Bu ideoloji yanaşma Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq prinsipləri ilə əlaqələndirilir.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. 1920-ci il aprelin 28-də Azərbaycanın sovet işğalına məruz qalması və müstəqilliyin itirilməsi ilə üçrəngli bayraq da dövlət rəmzi statusunu itirdi. Həmin ilin mayında parlament binası üzərindən endirilən bayraq uzun müddət rəsmi dövlət atributu kimi istifadə olunmadı.

Heydər Əliyevin təşəbbüsü ilə bayraq Naxçıvanda yenidən qaldırıldı

1561647

Azərbaycanın müstəqilliyə doğru irəlilədiyi mürəkkəb tarixi mərhələdə üçrəngli bayrağın yenidən dövlət rəmzi kimi bərpasında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul olunub. Həmin sessiyada, eyni zamanda, üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırılıb.

Bu qərardan sonra növbəti mühüm addım 1991-ci il fevralın 5-də atıldı. Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar verdi və müvafiq qanunu qəbul etdi.

Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz dövlət müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin və dövlət rəmzlərinin varisliyi də bu sənəddə öz əksini tapdı.

Beləliklə, Naxçıvanda başlanan tarixi proses üçrəngli bayrağın müstəqil Azərbaycanın əsas dövlət rəmzlərindən biri kimi bərpası ilə nəticələndi.

Dövlət bayrağının hüquqi statusu və qorunması

Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi statusu ölkənin əsas qanunvericilik sənədlərində təsbit olunub. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə əsasən, Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni Azərbaycanın dövlət rəmzləridir.

1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edilib. Daha sonra, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanun qüvvəyə minib. Bu qanun dövlət bayrağının qaldırılması, yerləşdirilməsi, istifadəsi və ona münasibətlə bağlı hüquqi tələbləri müəyyənləşdirir.

Qanunvericiliyə əsasən, dövlət bayrağına hörmətlə yanaşılması hər kəsin borcudur. Bayrağın təhqir olunması və qanunvericiliyin tələblərinə zidd istifadəsi isə müvafiq hüquqi məsuliyyət yaradır.

2018-ci il noyabrın 2-də qəbul edilən “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunu ilə bayrağın təsviri, rəngləri, aypara və səkkizguşəli ulduzun forması, eləcə də digər texniki xüsusiyyətləri dəqiq müəyyənləşdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanı – üçrəngli rəmzə ehtiramın ifadəsi

1561648

Azərbaycanın dövlət bayrağına verilən yüksək dəyərin təzahürlərindən biri də Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasıdır. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı sərəncamla Dövlət Bayrağı Meydanının yaradılması qərara alınıb. Həmin il dekabrın 30-da meydanın təməli qoyulub, 2010-cu il sentyabrın 1-də isə onun rəsmi açılışı keçirilib.

Meydanın yaradılması dövlət rəmzlərinə ehtiramın nümayişi ilə yanaşı, Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin təbliği baxımından da əhəmiyyət daşıyır. Burada Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərir. Muzeydə Azərbaycan bayrağının tarixi, dövlətçilik ənənələri və digər milli atributlarla bağlı eksponatlar nümayiş olunur.

Bu gün üçrəngli bayrağımız Qarabağda dalğalanır

1561649

Azərbaycan bayrağının tarixində ən mühüm mərhələlərdən biri onun işğaldan azad edilmiş ərazilərdə yenidən dalğalanmasıdır. Uzun illər üçrəngli bayrağın ucaldılmasını gözləyən torpaqlarda bu gün dövlət rəmzimiz qürurla dalğalanır.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisələrdən biri oldu. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək şəhərin azad edildiyini elan etdi. Şuşada Azərbaycan bayrağının dalğalanması ölkəmizin hərb tarixində və dövlətçilik salnaməsində xüsusi yer tutdu.

2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu hadisə üçrəngli bayrağımızın tarixində yeni səhifə açdı. Vaxtilə Naxçıvanda yenidən dövlət rəmzi kimi qəbul edilən bayrağımız bu gün Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Qarabağın digər yaşayış məntəqələrində dalğalanır.

1561650

Beləliklə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən, 1920-ci ildə dövlət rəmzi statusunu itirən, 1990-cı ildə Naxçıvanda yenidən qaldırılan üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin rəmzi olaraq bu gün ölkəmizin bütün ərazisində dalğalanır. Onun tarixi xalqımızın müstəqillik uğrunda mübarizəsinin, dövlətçilik ənənələrinə sədaqətinin və milli birliyinin salnaməsidir./Modern.az/