Bir vaxtlar Milli Məclisin tribunasından xalqa səslənən, qanunvericilik prosesində iştirak edən və ictimai-siyasi gündəmdə tez-tez görünən sabiq deputatların bir qismi artıq parlamentdə təmsil olunmur.

Cagdas.az  keçmis millət vəkilləri Yusif Bağırzadə, Rüfət Quliyev, Aqiyə Naxçıvanlı və Tahir Kərimlinin hazırda nə işlə məşğul olduqlarını araşdırıb.

Sabiq parlamentarilərdən olan Yusif Bağırzadə hazırda siyasi şərhçi kimi fəaliyyətini davam etdirir. O, Milli Məclisdən ayrıldıqdan sonra da ictimai-siyasi proseslərdən uzaqlaşmayıb. 2003-2007-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olan siyasətçi sonra müxtəlif vəzifələrdə çalışıb.

Bir vaxtlar deputat idilər, indi nə iş görürlər? -

Fotoda: Yusif Bağırzadə

Bağırzadə son açıqlamasında hazırda siyasi şərhçi kimi fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, sabiq həmkarları və dostları ilə əlaqələri davam edir.

Milli Məclisin III, IV, V və VI çağırışlarında deputat olmuş Rüfət Quliyev mandatla vidalaşdıqdan sonra elmi fəaliyyətə və iqtisadi sahədəki təcrübəsinə əsaslanan işlərə yönəlib.

2024-cü ildə parlament seçkilərində iştirak etməyəcəyini açıqlayan Quliyev elmi-pedaqoji fəaliyyətini davam etdirmək istədiyini bildirmişdi. Həmin vaxt Azərbaycan Texniki Universitetində müəllim işlədiyini, həmçinin şirkətlərə məsləhət verməklə bağlı təkliflər aldığını demişdi.

Bir vaxtlar deputat idilər, indi nə iş görürlər? -

Fotoda: Rüfət Quliyev

Son məlumata görə isə o, Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi fəaliyyət göstərir, elmi araşdırmalar aparır və şirkətlərə məsləhətlər verir. Quliyev şəxsi biznesindən uzaqlaşdığını da bildirib.

Onun deputatlıqdan sonrakı fəaliyyəti, əsasən, təhsil, elmi araşdırmalar və iqtisadi məsləhətçiliklə bağlıdır.

Milli Məclisin IV, V və VI çağırışlarında təmsil olunmuş professor Aqiyə Naxçıvanlı deputatlıq fəaliyyətindən sonra da ictimai və elmi sahədəki işlərini davam etdirir.

2026-cı ilin oktyabrında yayımlanan məlumata əsasən, o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Müdafiə Şurasının üzvü və dissertasiya müdafiəsinə hazırlaşan şəxslər üçün seminar rəhbəri kimi fəaliyyət göstərir.

Bir vaxtlar deputat idilər, indi nə iş görürlər? -

Fotoda: Aqiyə Naxçıvanlı

Naxçıvanlı açıqlamasında deputat olmadığı üçün vaxtının daha çox olduğunu bildirib. O, səhhəti ilə əlaqədar fəaliyyətini genişləndirmədiyini və parlamentdən kənarda qalmaq qərarını özünün verdiyini də qeyd edib.

Milli Məclisin V və VI çağırış deputatı olmuş Tahir Kərimlinin deputatlıqdan sonrakı fəaliyyəti digər üç sabiq həmkarından fərqlənir. O, parlamentdə təmsil olunmasa da, siyasi fəaliyyətini tamamilə dayandırmayıb.

Bir vaxtlar deputat idilər, indi nə iş görürlər? -

Fotoda: Tahir Kərimli

2025-ci ilin mayında mediaya açıqlamasında Kərimli əsasən Vəhdət Partiyasının işləri ilə məşğul olduğunu, müsahibələr verdiyini və mütaliəyə daha çox vaxt ayırdığını bildirmişdi. 2026-cı ilin martında yayımlanan məlumata görə isə o, partiyanın Baş Məclisinin sədri vəzifəsini tutur.

Kərimli son açıqlamalarında deputatlıq fəaliyyətinin başa çatmasından sonra onunla əlaqə saxlayanların sayının azaldığını da deyib. O, hazırda vaxtının böyük hissəsini İsmayıllı rayonunda keçirdiyini, ailəsinə, həyət-bacaya və mütaliəyə daha çox zaman ayırdığını bildirib.\metbuat.az\