Çin hökuməti Yaxın Şərqdə artan gərginlik fonunda İsraildə yaşayan vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Çağdaş.Az xəbər verir ki, Çinin Təl-Əvivdəki səfirliyi tərəfindən yayılan təhlükəsizlik xəbərdarlığında qeyd olunub ki, İsrailə qarşı dron hücumlarının miqyası, tezliyi və intensivliyi getdikcə artır və bu da insan tələfatı və maddi zərərlərə səbəb olur.
Bildirilib ki, sığınacaqlara vaxtında çata bilməyənlərin sayı artdığı üçün risk daha da yüksəlib. Bu səbəbdən vətəndaşlara ölkəni ən qısa zamanda tərk etmək tövsiyə olunub.
Açıqlamada vurğulanıb ki, Çin hökuməti ölkədən çıxmaq istəyən vətəndaşların Taba Sərhəd Keçid Məntəqəsi vasitəsilə təxliyəsini təşkil edəcək.
Hazırda İsraildə qalan Çin vətəndaşlarına hava limanları, limanlar, elektrik stansiyaları, neft emalı zavodları və digər mühüm infrastruktur obyektlərindən, eləcə də hərbi ərazilərdən uzaq durmaları tövsiyə edilib.
Qeyd edək ki, əvvəlki hücumlardan sonra Çin hökuməti İrandakı vətəndaşlarına ölkəni tərk etmələri barədə xəbərdarlıq etmişdi. İsraildə yaşayan vətəndaşlara isə əvvəlcə yalnız riskli bölgələrdən uzaq durmaq tövsiyə olunurdu, lakin son vəziyyətə görə bu çağırış daha da sərtləşdirilib./Haberglobal/


