Dünyanın ən mühüm iqlim tədbirlərindən biri hesab olunan COP31-ə geri sayım başlayıb. Noyabrın 9-20-də Türkiyənin ev sahibliyi ilə Antalyada keçiriləcək sammitə hazırlıq işləri sürətlə davam edir.
Çağdaş.Az xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində təşkil olunacaq COP31 sammiti qlobal iqlim siyasətinin müzakirə ediləcəyi əsas beynəlxalq platformalardan biri olacaq.
Hazırlıq çərçivəsində nəqliyyat, təhlükəsizlik və texniki infrastrukturun gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Sammitdə dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndənin Antalyaya gəlməsi gözlənilir.
Sammitdə dövlət və hökumət başçıları, nazirlər, alimlər, biznes nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatları iştirak edəcək. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizə, qlobal ekoloji siyasət və dayanıqlı inkişaf istiqamətində görüləcək tədbirləri müzakirə edəcəklər.
Sammitin əsas məkanı kimi müəyyənləşdirilən Antalya EXPO ərazisində hazırlıq işləri davam edir. Təxminən 1 milyon kvadratmetr sahəni əhatə edən məkan Mavi Zona və Yaşıl Zona olmaqla iki hissəyə ayrılıb.
Mavi Zonada rəsmi danışıqlar və beynəlxalq təşkilatların iclasları keçiriləcək.
Yaşıl Zona isə biznes dairələrini, akademik ictimaiyyəti, gəncləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək, burada müxtəlif panel müzakirələri və tədbirlər təşkil olunacaq.
COP31 sammitinin qlobal iqlim siyasətinin formalaşdırılmasına və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.


