Son dəqiqə

Deputat: “Elə edək ki, fermer məhsulunu itirəndə, evini də itirmək qorxusu yaşamasın”

Cəmiyyət

“Məhsul sertifikatı Qanun layihəsini müsbət qiymətləndirirəm.

Fermerlərin maliyyə resurslarına çıxışının genişləndirilməsi yaxşı təşəbbüsdür. Ancaq mən bu qanunun yaradacağı imkanlardan daha çox, onun doğura biləcəyi risklərə və onların həlli yollarına diqqət çəkmək istəyirəm.

Təsəvvür edin, fermer gələcək məhsulu hesabına vəsait əldə edir, öhdəlik götürür. Amma sabah nə baş verəcəyini bilmir.

Birdən su verilmədi? Birdən çəyirtkə sürüsü gəlib məhsulu məhv etdi? Yaxud kimsə qəsdən sahəni yandırdı? Fermer məhsulu təhvil verə bilmədi. Bəs onda nə olacaq?

Burada çox ciddi bir sual yaranır: fermer öz öhdəliyinə görə məsuliyyət daşıyır, bəs dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirməyəndə məsuliyyəti kim daşıyacaq? Məsələn, fermerə vaxtında su verilməyibsə, onun bütün məhsulu məhv olubsa, niyə bütün maliyyə yükü yalnız fermerin üzərində qalmalıdır?”

Çağdaş.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, qanunun 7-ci maddəsində sığorta könüllüdür. Açıq danışaq, onsuz da maddi çətinlik çəkən fermerlərin bir hissəsi əlavə sığorta xərcindən yayınacaq:

“Nəticədə fermer həm məhsulunu itirə, həm də borclu vəziyyətə düşə bilər. Mən burada ciddi maarifləndirmə mexanizminin yaradılmasını təklif edirəm. “Məhsul şəhadətnaməsi” buraxmaq istəyən hər bir fermer üçün bir günlük məcburi məlumatlandırma seminarı təşkil olunsun. Ona sadə dildə izah edilsin ki, hansı hüquqları var, hansı öhdəlikləri götürür, məhsul məhv olarsa nə baş verəcək, hansı hallarda əmlakı və gəlirləri risk altına düşə bilər.

Seminar pulsuz olsun və dövlət tərəfindən təşkil edilsin. Çünki indidən hiss edirəm ki, bu mexanizm düzgün izah edilməsə, yeddi-səkkiz aydan sonra qapımızı döyən şikayətçilərin sayı artacaq. Biz vətəndaşa əvvəlcə imza atdırıb, sonra onun nəyi imzaladığını izah etməməliyik. İkinci məsələ məhsul şəhadətnaməsinin mülkiyyətçilərinin hüquqlarıdır.

Onlar da öz vəsaitlərini riskə qoyurlar. Fermer öhdəliyini yerinə yetirmədikdə həmin şəxslər pullarını və ya məhsullarını necə geri alacaqlar?”

R.Nurullayev əlavə edib ki, Qanunda öhdəliklərin icrası ilə bağlı mexanizmlər nəzərdə tutulur. Ancaq onların praktik tətbiqi ciddi suallar doğurur:

“Onsuz da ölkədə icrası uzanan çoxsaylı məhkəmə qərarları var. İndi yeni bir mübahisə kateqoriyası yaradırıq.

İcra məmuru məhsulu olmayan fermerdən nəyi alacaq? Olmayan məhsulu necə təhvil verəcək?

Digər tərəfdən, mülkiyyətçinin hüquqlarını qorumaq adı ilə fermerin əmlakına müdaxilə ediləcəksə, bunun qanuni əsasları və məhkəmə nəzarəti aydın müəyyənləşdirilməlidir.

Mən təklif edirəm ki, öhdəliklərin icrası, mübahisələrin həlli və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar daha dəqiq və anlaşıqlı yazılsın.

Biz fermerə yeni maliyyə imkanı yaradırıqsa, onu yeni hüquqi problemlərin qarşısında tək qoymamalıyıq.

Eyni zamanda, bu şəhadətnaməni əldə edən şəxsin də hüquqlarını real şəkildə qorumalıyıq.

Elə qanun qəbul etməliyik ki, fermer məhsulunu itirəndə evini də itirmək qorxusu yaşamasın, investor isə pulunu qoyanda illərlə məhkəmə qapılarında qalmasın”.