BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iyul proqnozuna əsasən, 2026-cı ildə qlobal taxıl istehsalı 2,983 milyard ton olacaq. Bu göstərici 2025-ci ilin rekord səviyyəsindən 1,9 faiz aşağı olsa da, tarixdə ikinci ən böyük göstərici hesab edilir.
Cagdas.az xatırladır ki, Azərbaycan buğdaya olan tələbatının əhəmiyyətli hissəsini idxal hesabına ödəyir.
Hər il xaricdən 1,5-2 milyon ton buğda idxal olunur.
FAO-nun məlumatları göstərir ki, qlobal səviyyədə taxıl bolluğunun yaranması qiymətlərə azaldıcı təsir göstərəcək. Buna görə də Azərbaycanın idxal etdiyi buğdanın dəyərinin bir qədər azalacağını proqnozlaşdıra bilərik. Bu isə un və çörəyin maya dəyərini aşağı sala, hətta müəyyən ucuzlaşma üçün zəmin yarada bilər.
Lakin mütəxəssislər bildirirlər ki, çörəyin qiyməti yalnız dünya bazarında buğdanın qiymətindən asılı deyil. Daxili istehsal, enerji, logistika və digər xərclər də son qiymətin formalaşmasında mühüm rol oynayır.(sfera.az)
















