Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı təlimlər, yeni silah sistemlərinin istifadəyə verilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişlənməsi müntəzəm davam edir.
Cagdas.az xəbər verir ki, ötən həftə Azərbaycan Hərbi Hava Qüvvələrinin yeni JF-17 Block III qırıcıları ilə təlim uçuşları keçirilib, quru qoşunlarının genişmiqyaslı manevrlərinə start verilib, xüsusi təyinatlılar isə serbiyalı hərbçilərlə birgə hazırlıq prosesində iştirak ediblər.
Bu ilin ilk yarısında Azərbaycan və Türkiyə ən azı 6 iri hərbi təlim keçirib. “Sarsılmaz Qardaşlıq-2026”, “TurAz Qartalı-2026”, “Heydər Əliyev-2026”, “EFES-2026”, “Anadolu Qartalı-2026” və “Qafqaz Qartalı-2026” təlimləri iki qardaş ölkənin hərbi koordinasiyasını daha da gücləndirib.
Maraqlıdır ki, paralel olaraq Ermənistan ordusunda heç bir genişmiqyaslı təlimlər keçirilmir. Rəsmi İrəvan sarsıdıcı məğlubiyyətlərdən sonra hərbi islahatlara başlasa da, İrəvan əsasən ayrı-ayrı bölmələrin hazırlığına üstünlük verir. Böyük qoşun birləşmələrinin, zirehli texnikanın və müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən genişmiqyaslı manevrlər son 3 ildə demək olar ki, müşahidə olunmur.
Bunun əsas səbəbi Azərbaycanın hərbi üstünlüyü və regionda formalaşan yeni reallıqlardır. İrəvanın genişmiqyaslı təlimlərdən çəkinməsi həm hərbi imkanlarla, həm də “Dəmir Yumruğ”un kölgəsi ilə əlaqəlidir.(modern.az)
















