Qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin bildirib ki, Ukrayna ilə aparılan danışıqların konkret nəticəsi olmalı və bu nəticə uzunmüddətli sülhün təmin edilməsinə xidmət etməlidir.
Çağdaş.Az xəbər verir ki, Puşilin bu fikirləri bir qrup xarici jurnalistin danışıqlar prosesinin zəruriliyi ilə bağlı suallarını cavablandırarkən səsləndirib.
“Biz danışıqlardan imtina etmirik. Rəhbərliyimiz bu məsələ ilə bağlı mövqeyini açıq və şəffaf şəkildə ifadə edir. Ancaq danışıqların konkret nəticəsi olmalıdır. Bu nəticə isə davamlı sülhdür. Əgər məqsəd budursa, əlbəttə ki, danışmaq lazımdır”, – deyə o bildirib.
Puşilin əlavə edib ki, əgər danışıqlar konstruktiv nəticə verməsə, münaqişənin döyüş meydanında həll olunması davam edəcək.
Onun sözlərinə görə, belə ssenari arzuolunan deyil.
Məlumata görə, Donbasa 13 xarici jurnalistdən ibarət nümayəndə heyəti səfər edib.
Heyətdə Braziliya, Qvatemala, İndoneziya, İran, İspaniya, Kamerun, Çin, Kolumbiya, Madaqaskar, Pakistan, ABŞ və Sloveniyadan olan müstəqil jurnalistlər, analitiklər və şərhçilər yer alıb. Onlardan bəziləri bölgəyə ilk dəfə səfər ediblər.
















