2025-ci ildə dövlət büdcəsi xərclərinin təxminən 40 faizi sosialyönlü tədbirlərin maliyyələşdirilməsinə sərf olunub.
Cagdas.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, hesabat ilində sosialyönlü xərclər üçün 15,3 milyard manat vəsait ayrılıb. Bu göstərici 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur.
S.Babayev bildirib ki, ötən il həyata keçirilən növbəti sosial islahat paketi çərçivəsində minimum əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılıb. Bu məqsədlə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait ayrılıb.
Nazir qeyd edib ki, sosial müdafiə tədbirlərinin genişləndirilməsi aztəminatlı və sosial həssas qrupların rifahının yaxşılaşdırılmasına xidmət edib.
Onun sözlərinə görə, son beş ildə sosialyönlü xərclərin həcmi ümumilikdə 3,9 milyard manat artıb ki, bu da sosial sahənin dövlət siyasətində prioritet istiqamətlərdən biri olaraq qaldığını göstərir.
















