Ağ Evdə keçirilən brifinq zamanı mətbuat katibi Karolin Livitt gündəmdə olan məsələlərə münasibət bildirərkən ABŞ-ın İranla planlaşdırılan danışıqları barədə məlumat verib. O bildirib ki, Donald Tramp İran məsələsində ilk növbədə diplomatik yolu seçmək niyyətindədir. Livittin sözlərinə görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftənin sonuna doğru iranlı rəsmilərlə görüşəcək.
Cagdas.az xəbər verir ki, Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandıran Livitt qeyd edib ki, Tramp bu gün Uitkoffla görüşüb və İranla danışıqlar planlaşdırıldığı kimi davam etdiriləcək. O vurğulayıb ki, ABŞ prezidenti hər zaman diplomatiyaya üstünlük verir, lakin bunun baş tutması üçün hər iki tərəfin əməkdaşlıq etməsi vacibdir.
Livitt əlavə edib ki, Tramp İran məsələsində bütün variantları masada saxlayır. O, eyni zamanda ABŞ-ın ötən il İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumu da xatırladıb və bildirib ki, buna baxmayaraq, İranla danışıqların bu həftənin sonuna yaxın keçirilməsi nəzərdə tutulur.
Amerika mediasında yayılan xəbərlərə görə, ABŞ və İran nümayəndələrinin cümə günü İstanbulda görüş keçirməsi planlaşdırılır.
Tərəflər 2025-ci ilin iyunundan bəri ilk dəfə görüşəcəklər.
Bu görüşün, İran ilə İsrail arasında 2025-ci ilin iyununda baş verən və 12 gün davam edən qarşıdurmadan sonra tərəflər arasında keçiriləcək ilk rəsmi təmas olacağı gözlənilir.
İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 2-də verdiyi açıqlamada ölkəsinin diplomatiyaya hazır olduğunu bildirib. O vurğulayıb ki, diplomatiya təzyiq, hədələmə və güc tətbiqi ilə uyğun gəlmir və prosesin nəticələrinin yaxın vaxtlarda bəlli olacağına ümid edir.
İran prezidenti Məsud Pezeşkian isə Trampın danışıqlar təklifinə cavab verilməsi ilə bağlı çağırışları nəzərə aldıqlarını bildirib və danışıqların başlanması üçün Xarici İşlər Nazirliyinə müvafiq tapşırıq verdiyini açıqlayıb./Haberglobal/


